Oktyabrın 9-da Bakı Ekspo Mərkəzində tanınmış filoloq, diplomat Vilayət Quliyevin “Cümhuriyyət yazıları” kitabının təqdimat mərasimi keçirilib.

VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində gerçəkləşən təqdimatda mədəniyyət naziri Anar Kərimov, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov və kitabsevərlər iştirak edib.

Tədbirdə çıxış edən filologiya elmlər doktoru, professor, 20 ildən çoxdur diplomatik sahədə çalışan Vilayət Quliyev müəllifi olduğu kitab haqqında məlumat verib. Qeyd edib ki, iki bölmədən ibarət kitabın birinci hissəsində Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində müxtəlif mətbuat orqanlarında çap olunmuş elmi-publisist səpkili məqalə və esselər, ikinci hissədə isə Cümhuriyyət tarixinə dair Azərbaycan dilinə ilk dəfə tərcümə edilən sənəd və materiallar yer alıb: “Cümhuriyyət irsini toplayıb nəşr etmək, Cümhuriyyət xadimlərinin şəxsiyyət və fəaliyyətinə obyektiv, qərəzsiz qiymət vermək, bütün ölkə miqyasında geniş maarifçilik işi aparmaq lazımdır. İnsanlarımızın belə bir fəaliyyətə təkcə marağı yox, həm də böyük ehtiyacı var. Bu amildən çıxış edərək indiyə qədər Cümhuriyyətlə bağlı elmi fəaliyyətimdə mənbələrin aşkara çıxarılması, tərcüməsi, nəşri məsələsinə, tanıtma və təbliğ işinə daha çox üstünlük vermişəm”.

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirib ki, Vilayət Quliyev təkcə tarixçi, ədəbiyyatşünas yox, eyni zamanda yüksək səviyyəli dövlət xadimidir: “Vilayət Quliyev böyük bir missiyanı həyata keçirir. O, ölkəmizə, cəmiyyətimizə çox vacib olan Cümhuriyyətin tarixi, onun qurucuları haqqında məlumatları çatdırır. Onun kitablarını oxuyaraq öz tariximizi bilir, onunla qürur duyuruq. Tarixini bilən insan cəmiyyətdə daha güclü mövqe tutur. Bu sahədə fəaliyyətinə görə Vilayət Quliyevə təşəkkür edirəm”.

Daha sonra çıxış edən Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə belə dəyərli əsəri ərsəyə gətirdiyinə görə Vilayət Quliyevə təbriklərini çatdırıb, yeni yaradıcılıq uğurları arzulayıb.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, kitabda elmi dövriyyəyə yeni daxil edilən faktlar əsasında Cümhuriyyət dövrünün ayrı-ayrı görkəmli şəxsiyyətlərinin portretləri və ilk respublikamızın həyatındakı diqqətəlayiq hadisələrin mənzərəsi yaradılıb. Yeni nəşr tarixçilərə, filoloqlara, politoloqlara, bütünlükdə milli dövlətçiliyimizin yaradılması, keşməkeşli fəaliyyəti, görkəmli simaları və irsi ilə maraqlanan geniş oxucu kütləsi üçün maraqlı mənbədir.

NURƏDDİN