Mütəxəssislər bu sahənin inkişafını təşviq etmək üçün müxtəlif təkliflər irəli sürürlər
   
   Dünyanın müxtəlif ölkələrində xüsusi maraq kəsb edən turizm növlərindən biri də arxeoloji turizmdir. Muzeylərdə mühafizə və nümayiş olunan arxeoloji materiallar turistlər tərəfindən həmişə maraqla qarşılanıb. Çox sayda turist cəlbinə imkan verən bu turizm növünün Azərbaycanda da təşviq olunması vacibdir. Çünki tarixi-arxeoloji abidələrlə zəngin olan ölkəmizdə bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar var.
   
   Bəs bu imkanlardan necə yararlanırıq? Ümumiyyətlə, Azərbaycanda arxeoturizmin perspektivləri necədir?
   
   Tarix və mədəniyyəti təbliğ etməyin mühüm yolu arxeoturizmdir
   
   Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Tarix Dostuyev bildirdi ki, Azərbaycan müxtəlif xarakterli arxeoloji abidələrlə zəngindir. İstər qədim yaşayış məskənləri, yaxud urbanizasiya prosesinin mərhələlərini əks etdirən şəhər xarabalıqları olsun, istərsə də müxtəlif tipli qəbirlər, qəbirüstü abidələr, kurqanlar və s. Bu baxımdan Azərbaycanın təqdim etməyə çox gözəl imkanları var: «Azərbaycan xalqı dünya mədəniyyətinə böyük töhfələr verib. Bu töhfə maddi-mədəniyyət baxımından öz əksini arxeoloji abidələrdə saxlayıb. İnkişaf etmiş ölkələrdə arxeoturizm çoxdan diqqət mərkəzindədir. Bu baxımdan sevindirici haldır ki, son vaxtlar Azərbaycanda da bu istiqamətdə işlər görülür».
   Arxeoloqun sözlərinə görə, arxeoloji turizm üçün Şəmkir şəhəri çox maraqlı və əlverişli obyektdir: «Bunu şərtləndirən bir neçə amil var. Bunlardan birincisi şəhər xarabalıqlarının Böyük İpək Yolu üzərində yerləşməsidir. Digər tərəfdən, aparılmış arxeoloji qazıntıların intensivliyi və qazıntılar zamanı üzə çıxan maddi-mədəniyyət qalıqları da adıçəkilən şəhəri cəlbedici turizm obyektinə çevirir. Şəhərin monumental tikintiləri ilə bağlı hazırda Narınqalada böyük bir binanın tədqiqi davam etdirilir, Şəhristanda orta əsrlərin yaşayış evləri, o dövrün küçəsi, məişət tikililəri və digər şəhər mədəniyyəti ilə bağlı qalıqlar üzə çıxarılıb. Bütövlükdə Şəmkir şəhərində aparılan arxeoloji qazıntılar bizə orta əsr şəhər mədəniyyətini öyrənmək üçün çox gözəl imkanlar yaradır. Eləcə də Azərbaycanın qədim tarix və mədəniyyətini, o cümlədən şəhər mədəniyyətini təbliğ etməyin bir yolu arxeoturizmdir».
   Həmsöhbətimiz deyir ki, Şəmkir şəhər xarabalıqlarının tədqiqi arxeoturizm üçün perspektivli bir sahədir: «Hətta mən deyərdim ki, bu sahədə biz müəyyən qədər gecikmişik. Arxeoloji qazıntılar zamanı bunun şahidi oluruq ki, təsadüfən eşidən-bilən əcnəbilər, eləcə də yerli sakinlər necə böyük maraqla qazıntı sahələrini gəzib qədim mədəniyyət qalıqları ilə tanış olur və bundan böyük bir zövq alırlar. Hazırda Şəmkirdə turistləri cəlb etmək üçün zəruri olan tədqiqat işləri aparılıb. Orta əsr tarixçilərinin yazdıqlarına görə, Şəmkir məişət, saxsı məmulatları və yun libasları ilə dünya bazarında özünəməxsus yer tutub. Bu məmulatların bir qismi qazıntılar zamanı üzə çıxıb. Onların nümunələrinin bənzərlərini yenidən istehsal edib turistlərə suvenir kimi satışını təşkil etmək olar. Yaxud bədii tikmələri bərpa etmək olar. Bu kimi hallar digər ölkələrin də təcrübələrində var. Sadəcə turistləri cəlb etmək və onların rahatlığı üçün müəyyən işləri görmək lazımdır».
   
   Arxeoturizmlə bağlı layihə hazırlanıb
 
  
   AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Museyibli isə deyir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən arxeoturizm layihəsi hazırlanıb: «Ötən il Prezident yanında Elmin İnkişafı Fonduna arxeoturizmlə bağlı layihə verdik. Burada Gəncə-Qazax bölgəsində olan arxeoloji tarixi abidələrin müasir üsullarla qeydiyyatı, həmin bölgənin elektron xəritəsinin yaradılması, müəyyən qədər qazıntıların aparılması, turistlərin buraya cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi və s. nəzərdə tutulurdu. Layihədə nəinki abidələrimizin təbliği, onların xarici iddialardan müdafiəsi də mühüm yer tuturdu. Tarixi-arxeoloji abidələrimizin təbliği və tanıtdırılması sahəsində dövlətin apardığı işə belə layihələrin də müsbət töhfəsi ola bilər.
   Bütün inkişaf etmiş ölkələrdə arxeoturizm yüksək səviyyədə təşviq edilir. Məsələn, Türkiyəyə turizm axınının başlıca səbəblərindən biri oradakı qədim abidələrdir. Təkcə antik dövrə aid Efes, Manisa kimi şəhərin qalıqlarına baxmaq üçün ilin bütün fəsillərində turistlər buraya axışır. Yəqin ki, bizdə də bu istiqamətdə işlər daha da gücləndiriləcək».
   
   Arxeoturizmin təbliğində turizm şirkətləri də maraqlı olmalıdır
   
   Turizm İnstitutunun prorektoru Eldar Aslanov da hesab edir ki, Azərbaycanda arxeoloji turizmin çox böyük perspektivləri var: «Ölkəmiz qədim insan məskənlərindən biridir. Dünyaca məşhur Azıx mağarası bizim ölkənin ərazisindədir. Baxmayaraq ki, indi düşmən işğalındadır. Azərbaycanda çoxlu sayda arxeoloji abidələr var. Qazıntılar nəticəsində dəyərli materiallar əldə olunub. Buna bizim tarixi Şabran şəhərini, bu yaxınlarda Hacıqabulda yeni açılan seyrangahı, Ağsu şəhər qalıqlarını və s. misal göstərmək olar. Görün, bu məkanlara nə qədər turist cəlb etmək olar? Artıq Ağsu şəhər qalıqları bir turizm məhsulu kimi hazırlanıb və təqdimata hazırdır”.
   E.Aslanovun fikrincə, Azərbaycandakı arxeoloji tapıntıların tarixi irs olaraq turistlərə təqdim olunmasında, təbliğində turizm şirkətləri də maraqlı olmalıdırlar: “Belə arxeoloji abidələrə turist səfərləri təşkil edilməlidir. Bununla bağlı yollarda nişanların qoyulması, ayrı-ayrı turist marşrutları ilə bağlı bukletlərdə həmin abidələrin öz əksini tapması vacibdir”.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun fikrincə, arxeoloji turizm o vaxt formalaşır ki, arxeoloji abidələr turizm nümayiş obyekti kimi formalaşdırılır və yaxud hər hansı bir tarixi yerdə arxeoloji qazıntılar aparılır, orada turistlərə müvafiq xidmətin göstərilməsi üçün infrastruktur qurulur: «Ağsu rayonunda arxeoloji qazıntılar nəticəsində tapılan qiymətli tapıntıların da yer aldığı çox gözəl bir turizm nümayiş obyekti qurulub. Biz bu komplekslə bağlı məlumatı bütün turizm şirkətlərinə göndərmişik və buranı öz marşrutlarına daxil etməyi tövsiyə etmişik».
   M.Qəhrəmanov deyir ki, arxeoloji turizm mədəni turizm marşrutlarını da zənginləşdirir. Bu səbəbdən də Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda turizmin bu növünün inkişafında və təbliğində maraqlıdır.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar