Oktyabrın 11-də “Expo-2020 Dubai” beynəlxalq sərgisi çərçivəsində Azərbaycan turizm həftəsinə başlanılıb. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə reallaşan həftə ərzində Azərbaycanın milli pavilyonunda müxtəlif tədbirlər keçiriləcək.

Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid mart ayına qədər davam edəcək sərginin ölkəmizin turizm imkanlarının təqdimatı üçün mühüm platforma olduğunu deyib. Açılışda Azərbaycanın aqro-qastro turizm potensialını birləşdirən, Avropa İttifaqının maliyyə dəstəyi ilə ərsəyə gələn “Slou Fud” beynəlxalq layihəsinin “Dad gəmisi” adlı milli turizm məhsulunun təqdimatı da keçirilib.

Qeyd edək ki, Azərbaycan “Expo-2020 Dubai” beynəlxalq sərgisində “Gələcəyin toxumları” tematikası ilə dizayn edilmiş milli pavilyonla təmsil olunur. Milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Eləcə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və sosial sahələrdə davamlı inkişafı və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.

Turizm həftəsi çərçivəsində “Yarımsəhradan sıx meşələrə” başlıqlı Bakı, Lənkəran və Leriki əhatə edən cənub istiqaməti, “Ən aşağı nöqtədən ən yüksəklərə” – Bakı, Xızı, Quba və Qusarı əhatə edən şimal istiqaməti, “Qədim izlər, heyrətamiz mənzərələr” – Bakı, Şamaxı, İsmayıllı, Qəbələni əhatə edən şimal-qərb istiqaməti, “Müalicəvi təbiət, ilhamverici tarix” başlıqlı Bakı, Gəncə, Naftalan və Göygölü əhatə edən qərb istiqamətinin turizm potensialına dair təqdimatlar keçiriləcək.

Qeyd edək ki, oktyabrın 1-dən start götürən “Expo-2020 Dubai” beynəlxalq sərgisi 2022-ci il martın 31-dək davam edəcək.