Prezident İlham Əliyev oktyabrın 12-də Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Müseyib oğlu Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Kamil Əliyev (1921-2005) bütün ömrünü xalqımızın mədəniyyət tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf edib. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaradıb, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirib. Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilib. Böyük sənətkar xalçaçı kadrların hazırlanması işinə də mühüm töhfələr verib.

Sərəncama əsasən, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla Mədəniyyət Nazirliyinə Xalq rəssamı Kamil Əliyevin 100 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.