Kitab Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunub


VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunan “Nizami Gəncəvi əsərlərinin el variantları” və filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitablarının təqdimatı keçirilib.

Əvvəlcə redaktoru və tərtibçisi şair Fərid Hüseyn olan “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabı haqqında məlumat verilib. Nəşrin layihə rəhbəri və ön söz müəllifi – Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı bildirib ki, bu kitab Nizami Gəncəvinin süjetlərinin folklorumuza nə qədər sirayət etdiyini, eyni zamanda dahi ədibin Azərbaycanın el yaddaşından, xalq ədəbiyyatından nə qədər məharətlə yararlandığını bir daha aydınlaşdırır. Sovet dövründə ayrı-ayrı nəşrlərdə yer alan bu əsərləri, folklor nümunələrini bir araya toplamaqla Nizaminin xalq yaddaşını, eləcə də xalqımızın Nizami yaddaşını yenidən təzələməyə çalışdıq”.

Daha sonra N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran regional filialının müdiri Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabı haqqında söz açılıb. Bildirilib ki, kitab 44 günlük Vətən müharibəsində tarix yazan, torpaq uğrunda qəhrəmanlıqla döyüşərək canını fəda edən 39 nəfər kürdəmirli şəhidin həyat yoluna işıq salır.