Xəbər verdiyimiz kimi, 13-15 oktyabr tarixində Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi, İCOM-un Muzey İdarəçiliyi (İNTERCOM) və Etnoqrafiya Muzeyləri və Kolleksiyaları (İCME) beynəlxalq komitələrinin birgə əməkdaşlığı ilə “Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti” adlı konfrans keçirilir.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə hibrid (əyani və onlayn) formada keçirilən konfransın açılışında Rusiya, Sloveniya, Xorvatiya, Almaniya, Rumıniya və Niderlanddan mütəxəssislər, eləcə də İCOM-un beynəlxalq komitələrinin sədrləri iştirak ediblər.

Konfransı İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq tədbirin əhəmiyyəti və mövzunun aktuallığından danışıb.

Direktor qeyd edib ki, intensiv qloballaşma prosesləri, genişlənməkdə olan siyasi-iqtisadi və mədəni inteqrasiya ilə səciyyələnən müasir dünyamız xalqların milli-mədəni özünəməxsusluğunu, unikal tarixi ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi problemini daha da aktuallaşdırır. Bu proseslərin nəticəsi olaraq cəmiyyətin mədəni sərvətlərini qoruyub saxlayan muzeylərin həyatında, bütün fəaliyyət istiqamətlərində, hətta onun ən konservativ sahəsi olan kolleksiyaların toplanması işində də dəyişikliklər baş verir.

Daha sonra çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, belə toplantılar beynəlxalq təcrübənin bölüşdürülməsinə, öyrənilməsinə yaxşı fürsət yaradır: “Muzeylər öz kolleksiyaları haqqında məlumatları nəsildən-nəslə ötürür. Texnologiya inkişaf etdikcə muzeylərin fəaliyyət forması da dəyişib. İndi hər bir muzeyi onlayn şəkildə ziyarət etmək mümkündür. Hazırda muzeylər tədqiqat aparmaq üçün bir platformaya çevrilib. Onlar həmçinin maarifləndirmə missiyasını da həyata keçirirlər. Muzeylər başqa xalqların tarixinə nəzər salmaq baxımından da əhəmiyyətlidir”.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbayan Ordusunun işğaldan azad etdiyi torpaqlarmızdakı dağıdılmış muzeylər barədə məlumat verən nazir müavini bildirib ki, bu ərazilərdə uzun illər düşmən vandalizminin qurbanına çevrilən muzeylərin müasir tələblərə uyğun yenidən qurulmasına başlanılıb. Artıq Şuşa şəhərində Bülbülün Ev-Muzeyi və Molla Pənah Vaqifin məqbərəsi tam restavrasiya olunub.

İşğaldan azad olunmuş ərazilərdə açıq havada Zəfər muzeylərinin də tikiləcəyini diqqətə çatdıran Sevda Məmmədəliyeva bildirib ki, bu konsepsiyanın hazırlanması ilə əlaqədar xarici mütəxəssislərlə danışıqlar aparılır. Nazir müavini beynəlxalq təşkilatlarla əməkdaşlıq aparmağın yerli muzeylərin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu deyib.

İCOM-İNTERCOM təşkilatının rəhbəri Qoranka Horjan çıxışı zamanı deyib: “Heç nə birgə əməkdaşlıq qədər muzeylərin inkişafına təsir edə bilməz. Bizim qarşılaşdığımız bir neçə problem bu gün müzakirə ediləcək. Biz cari vəziyyəti əks etdirən məsələləri həll etmək üçün xüsusi mövzu seçmişik. Mütəxəssislər çıxışlarında muzeylərin mövcud vəziyyətə uyğunlaşması üçün nə etməli olduğunu bildirəcəklər”.

COVİD-19-un dünyada yeni yanaşmalara gətirib çıxardığını söyləyən İCOM-İCME təşkilatının rəhbəri Ralf Ceplak Mencin bildirib ki, hazırda muzeylər öz auditoriyası ilə əlaqə yaratmağa çalışır. İndi bir çox ölkələrdə onlar öz qapılarını yenidən ziyarətçilərin üzünə açıb.

Konfransda daha sonra “Muzeylərin dekolonizasiyası: mədəni dəyərlərin tarixi vətənlərinə qaytarılması və müstəmləkəçilik dövrünün neqativ nəticələrinin aradan qaldırılması”, “Muzeylər və etnoturizm” və “Müasir dövrdə muzey idarəçiliyi” mövzuları üzrə məruzələr dinlənilib.

Konfrans çərçivəsində maraqlı mədəni proqram da nəzərdə tutulub. Qonaqlar Azərbaycan Milli Xalça Muzeyi ilə yanaşı, “İçərişəhər” Muzey Mərkəzi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edəcəklər.