Xəbər verdiyimiz kimi, 15–20 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçirilir.

Festivalın açılış mərasimi oktyabrın 15-də Kamera və Orqan Musiqi Zalında gerçəkləşib.

Tədbirdə çıxış edən Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov ilk festivalın 2019-cu ildə gerçəkləşdiyini diqqətə çatdıraraq, artıq beynəlxalq miqyas qazanan festivalın bu dəfə xüsusi bir ab-havada, 44 günlük müharibədə qazandığımız Qələbənin ildönümünün qeyd edilməsi bir zamanda keçirildiyini vurğulayıb. “Düşünürəm ki, bu kimi festivallar ölkəmizin klassik musiqi həyatının inkişafına xidmət edəcək və yeni-yeni vokalçıların yetişməsinə səbəb olacaq”, – deyə o əlavə edib.

Sonra festivalın “Barokko musiqisi” adlı ilk konserti təqdim edilib.Konsertdə Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əməkdar artistlər İnarə Babayeva, Səbinə Əsədova, Ramil Qasımov, İlham Nəzərov, Fəridə Məmmədova və beynəlxalq müsabiqələr laureatı Cəlal Kərimovun ifasında Georg Hendelin “Rodelinda” və “Ariodante” operalarından “Mio caro bene” və “Schereza infida” ariyaları, Covanni Bononçinin “Qrizelda” operasından “Per la gloria”, Antonio Vivaldinin “Möhtəşəm Yudif” operasından “Armatae face” ariyaları səslənib.

***

İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə ithaf olaraq “100 ilin sərvəti” adlı konsert proqramı təqdim olunub.

Konsert proqramında Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti çıxış edib. Leyla Baxışova, Emin İsmayılov, Fidan Məmmədzadə, Ruslan Persan, Sübhan Rüstəmov, Lalə İbrahimova və başqalarının ifasında dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.

***

Festival çərçivəsində daha bir konsert Azərbaycan Milli Konservatoriyasında keçirilib. Milli Konservatoriyanın müəllim və tələbə heyətinin təqdim etdiyi proqramda milli vokal ifaları səslənib.

Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Anar Şuşalı, Əməkdar artist Zenfira İsmayılova, Əməkdar artist Əliəhməd İbrahimov, eləcə də Taleh Yəhyayev, Nihad Orucov (müəllim Azər Zeynalov), Səma Həmzəyeva (müəllim Zenfira İsmayılova), Cəlal Məlikli (müəllim Əliəhməd İbrahimov), Nərminə Quliyeva (müəllim Anar Şuşalı), Zeynəb Hüseynova (müəllim Zenfira İsmayılova), Günel Hacıyeva (müəllim Gülnaz İsmayılova), Emin Hüseynov (müəllim Azər Zeynalov) və Ülkər Quliyeva (müəllim Gülnaz İsmayılova) Ü.Hacıbəyli, F.Əmirov, Niyazi, M.Maqomayev, T.Quliyev, V.Adıgözəlov, C.Verdi, V.A.Motsart, A.Falkonyer, C.Puççini, A.Vivaldi, L.Arditi, C.Bononçini, J.Bize, C.Rossini, C.Perqolezi və başqalarının əsərlərini ifa ediblər.

***

Festival çərçivəsində Heydər Əliyev Sarayında konfrans keçirilib. Konfransda çıxış edən Heydər Əliyev Sarayının rəhbəri, Əməkdar artist Ramil Qasımov bildirib ki, ölkəmizdə keçirilən irimiqyaslı festivallar, müsabiqələr klassik musiqimizin təbliğinə xidmət edir: “İnanıram ki, beynəlxalq vokalçılar festivalı da neçə-neçə istedadlı gəncin üzə çıxmasına və bu janra məhəbbətin daha da artmasına xidmət edəcək”.

Sənətşünasıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova “Azərbaycan vokal sənətinin inkişaf mərhələləri” mövzusunda çıxış edib. Bildirib ki, Azərbaycanda vokal ifaçılıq sənəti XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. O zamanlar Bakıda Rusiya və digər ölkələrdən gələn truppalar çıxış edirdi. Onların çıxışları Azərbaycanda vokal sənətinə də marağı artırırdı. Azərbaycan Opera və Balet Teatrının fəaliyyəti sonradan vokal sənətinin inkişafına səbəb olub, yeni vokalçıların meydana gəlməsinə təsir edib. Bunun nəticəsində Azərbaycanda bəstəkarlıq məktəbi formalaşmağa başlayıb, opera tamaşaları səhnəyə qoyulub. Şərqdə ilk opera tamaşası məhz Azərbaycanda yaranıb.

Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Bülbül Azərbaycan vokal sənətinin banisidir” mövzusunda çıxış edib. Bildirib ki, böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçib və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyub. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında onun müstəsna xidmətləri vardır. Bülbülün böyük şəxsiyyət, böyük sənətkar, Azərbaycan professional vokal sənətinin banisi olduğunu deyən S.Təhmirazqızı bildirib ki, onun ifasında səslənən xalq mahnıları, muğam, klassik opera partiyaları Azərbaycan musiqisinin qızıl fondunu təşkil edir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayeva Rəşid Behbudov yaradıcılığından bəhs edib. Onun xalq mahnılarının mahir ifaçısı olduğunu söyləyib.

Konfrans digər mövzularda məruzələr dinlənilib.

II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı zəngin proqramı davam edir.