Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə 15-20 oktyabr tarixində II Beynəlxalq Vokalçılar Festivalı keçirilir. Festival çərçivəsində oktyabrın 18-də – Müstəqilliyimizin Bərpası Günündə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı təşkil olunub.
Musiqi axşamı Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə filarmoniyasının təşkilatçılığı ilə gerçəkləşib.
Konsertdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Regionla idarənin rəisi Vasif Cənnətov çıxış edərək tədbir iştirakçılarına 18 Oktyabr – Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, II Beynəlxalq Vokalçılar Festivalında Gəncə şəhərindən, Samux, Tovuz, Ağstafa rayonlarından olan 22 vokalçı iştirak edir. Festivalda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, eləcə də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romanslar da təqdim olunacaq. O, eyni zamanda festivala bu ildən beynəlxalq status verildiyini də diqqətə çatdırıb.
Konsertdə Xalq artisti Rafael Bayramovun dirijorluğu ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kamera orkestri çıxış edib. Proqramda Ü.Hacıbəyli, F.Əmirov, Niyazi, M.Maqomayev, T.Quliyev, A.Zeynallı, C.Verdi, R.Loretti, L.Arditi və başqa bəstəkarların əsərləri səsləndirilib. Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, beynəlxalq müsabiqələr laureatı, müğənni Fuad Muradov, solistlər Tural Abdullayev, Rüstəm Cəfərov, Cəlal İsayev, Rəhman Quliyev, Sevda Qafarova, Qaya Nəsibzadə, Cavidan İsayev, Günel Hacıyeva, Zeynəb Abdullayeva, Elmir Pişnamazzadə, Rövşən Quliyev, Vasif Bayramov və digərlərinin ifaları tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Konsert proqramı Vasif Bayramov və Rüstəm Cəfərovun ifasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ilə sona çatıb.
Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bütün ifaçılara və festivalın təşkilatçılarına minnətdarlığını bildirib.