Ölkəmizdə turizmin bu növünün inkişafı üçün geniş təbii imkanlar var
   
   Əlverişli təbii şəraiti olan dünya ölkələrində müalicə turizminin inkişafına böyük önəm verilir. 2010-cu ildə dünyada müalicə turizmi sahəsində dövriyyənin həcmi təxminən 80 milyard dollar olub. Gələn il bu rəqəmin 100 milyard dollara çatacağı proqnozlaşdırılır. Təbii qaynaqları, münbit təbii-coğrafi şəraiti olan Azərbaycanda bu turizm növünün inkişafı nə yerdədir? Bu barədə bir neçə mütəxəssislə həmsöhbət olduq.
      
   Türkiyəyə ildə 150 min turist müalicə məqsədilə səfər edir
   
   Türkiyənin «Assist Life» ambulans və sağlıq xidmətləri şirkətinin Azərbaycan təmsilçisi Ramiz Quluzadə deyir ki, dünyanın bir çox ölkələrində müalicə turizminin inkişafına geniş sərmayələr qoyulur: “Dünyada müalicə turizminin tarixi çox qədimdir. Turizmin bu növünün yüksək səviyyədə inkişaf etdiyi ölkələrdən biri də Türkiyədir. Hər il 150 min turist bu ölkəyə müalicə məqsədilə səfər edir. Bu ölkənin müalicə turizmində əldə etdiyi ən böyük üstünlük isə keyfiyyətli xidmət və əlverişli qiymətlərdir. Hazırda Türkiyədə 650 sağlamlıq mərkəzi, 10 min çarpayı tutumu, onkologiya, ürək-damar xəstəlikləri, orqan nəqli, plastik cərrahiyyə, stomatologiya, göz xəstəlikləri və s. üzrə ixtisaslaşmış tibb mərkəzləri fəaliyyət göstərir. Bununla bərabər, Türkiyədə təxminən 1500-dək termal sağlamlıq mərkəzləri var».
   Həmsöhbətimizin təmsil etdiyi «Assist Life» şirkəti Türkiyədə müalicə turizminin inkişafında önəmli rol oynayır. Şirkət əsas etibarilə Amerika və Avropa ölkələrindən gələn xəstələrə sağlıq xidməti göstərir: «Bizim işimizə xəstələrin qarşılanması, yerləşdirilməsi, diaqnoz və istəklərə uyğun olaraq müvafiq xəstəxanaların seçilməsi, müalicə məqsədilə bu ölkəyə gəlmək istəyən insanlara vizaların təşkil olunması, müalicə müddətində nəqliyyat xidmətləri, xəstələri fərdi ixtisaslaşdırılmış tərcüməçilərlə təmin etmək kimi xidmətlər daxildir. Biz eyni zamanda xəstə hələ ölkəsində olarkən ona xəstəliyi ilə bağlı türkiyəli mütəxəssislərin rəyini alıb göndəririk. Xəstə gələndə birbaşa klinikaya götürülür».
   Şirkətin Azərbaycandakı fəaliyyətinə gəldikdə isə, R.Quluzadə bildirdi ki, Azərbaycanın kurort-sanatoriyalarına əsasən fizioterapiya və reabilitasiya məqsədilə Türkiyədən xəstələr gətirirlər. Eyni zamanda Azərbaycandan xəstələrin Türkiyənin kurortlarında müalicəsini təşkil edirlər. Həmsöhbətim deyir ki, Azərbaycanda müalicə turizminin inkişafı üçün daha böyük imkanlar var. Ölkəmizin təbiəti, iqlim müxtəlifliyi turizmin bu növü üçün əlverişli şərait yaradır: «Burada əsasən müalicəvi Naftalan nefti, duz mədənləri, palçıq vulkanları, bulaqlar və mineral sular, termal qaynaqlar üstünlük təşkil edir. Son illər bu sahənin inkişafını təmin etmək məqsədilə müxtəlif qanunlar qəbul edilib. Xüsusilə Xəzərboyu ərazilərdə kurort, sanatoriya və digər istirahət yerlərinin yaradılması üçün əlverişli şərait var. Azərbaycanın kurort imkanlarına metan və kükürdlü oksigen suları, mineral palçıqlar, göllər, çimərliklər və s. daxildir».
   
   Sanatoriya-müalicə müəssisələri turizm şirkətləri ilə sıx əməkdaşlıq etməlidir
   
   Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov deyir ki, müalicə turizmi müxtəlif ölkələrdə müxtəlif cür adlandırılsa da (məsələn, sağlıq turizmi, tibbi turizm, rekreasiya turizmi və s.) məqsəd eynidir: insanların sağlamlıq və istirahətini təmin etmək. Mütəxəssis Azərbaycanda müalicə turizmi imkanlarından danışarkən Naftalan neftini xüsusi qeyd etməyi zəruri sayır: “Naftalan nefti dünyada bənzəri olmayan nadir müalicə vasitəsidir. Vaxtilə Naftalan nefti xarici ölkələrə aparılır və orada müalicə məqsədilə istifadə olunurdu. Sonralar Naftalan şəhərində geniş müalicə mərkəzləri inşa olundu. SSRİ-nin dağılmasından sonra bu sahə bir müddət diqqətdən kənarda qalsa da, son vaxtlar görülən işlər, müasir hotel və müalicə mərkəzinin açılması sevindirici haldır. Bu, turizmin inkişafı baxımından önəmli hadisədir və müalicə məqsədilə gələn turistlərin sayının artmasına təkan verəcək. Naftalan neftinin şöhrəti Azərbaycanın sərhədlərini aşıb keçdiyindən xarici ölkələrdən Naftalanla daha çox maraqlanırlar”.
   B.Bilalov deyir ki, bu tipli müalicə ocaqlarının sayının artırılması üçün Azərbaycanda çoxlu sayda mineral bulaqlar var: “Bu bulaqların ətrafında müalicə müəssisələri yaratmaq olar. Çox istərdik ki, Qalaaltı suyunun yanında da belə bir mehmanxana tipli sanatoriya tikilsin. Masallıda İstisu müalicə mənbəyi, Naxçıvanın Culfa rayonunda Darıdağ termal suyu var. Bu su tərkibində 18 mineral əks etdirir. Bu mineralları müxtəlif xəstəliklərin müalicəsində istifadə etmək mümkündür. Darıdağda sanatoriya fəaliyyət göstərir, amma onu müasir səviyyədə yenidən qurmaq lazımdır. Buraya qonşu İran və Türkiyədən xeyli sayda xəstələr şəfa tapmaq üçün gəlir. Digər tərəfdən, Azərbaycanın bənzərsiz palçıq vulkanlarını xüsusilə qeyd etmək lazımdır. Yerin altından çıxan palçıqdan hazırlanmış dərman preparatlarından istifadə etmək üçün orada müalicə müəssisələri tikmək Azərbaycanda turizmin inkişafına çox böyük təkan verərdi. Ümumiyyətlə ölkəmizdəki bütün təbii müalicə vasitələrinin xarici ölkələrdə yüksək səviyyədə təbliğini təşkil etmək lazımdır. Turizm sərgilərində «Azərbaycanda müalicə turizmi» adlı xüsusi bir stend yaratmaq yaxşı olardı. Turizm şirkətləri də ölkəmizin müalicə turizmi sahəsində mövcud imkanlarını təbliğ etməlidir. Fəaliyyətdə olan sanatoriya-müalicə müəssisələri isə turizm şirkətləri ilə sıx əməkdaşlıq əlaqələri yaratmalıdır. Beynəlxalq praktikada da bu var. Məsələn, Rusiyanın «Mineralnı vodı» kurortları turizm şirkətləri vasitəsilə öz müalicə turlarını satırlar. Çexiyanın «Karlovı Varı» sanatoriyaları müxtəlif ölkələrin turizm şirkətləri ilə müqavilə bağlayırlar və onların vasitəsilə çoxlu sayda turist cəlb edə bilirlər. Eləcə də İsrailin, Türkiyənin, Almaniyanın və başqa ölkələrin müalicə müəssisələri bu üsuldan istifadə edirlər».
   
   Mədəniyyət və Turizm Nazirliyi təbliğatı gücləndirir
   
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, nazirlik tərəfindən Azərbaycanda müalicəvi turizmin tanıtdırılması istiqamətində müxtəlif işlər görülür. Bu il Bakıda müalicəvi turizmlə bağlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur: «Eyni zamanda ölkə üzrə infoturları müalicə turizminə istiqamətləndirmək niyyətindəyik. Çünki ölkəmizin mövcud potensialına görə müalicə turizmi də prioritet turizm növlərindən biridir. Naftalan nefti, palçıq vulkanları, termal su mənbələri buna geniş imkan yaradır. Biz də istəyirik ki, bu potensialı üzə çıxaraq və tanıtdıraq. Bunun üçün ilk növbədə sərmayədarların bu sahədə infrastruktur yaratmasına nail olmaq lazımdır. Eyni zamanda yerli turizm şirkətlərimizin də mövcud potensialı daha çox təşviq edib tanıtdırması vacibdir. Bu istiqamətdə artıq nazirlik tərəfindən ilkin addımlar da atılır. Martın 5-6-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Ata Turizm” şirkətinin təşkilatçılığı ilə nazirlik nümayəndələrinin, yerli turizm şirkətlərinin və kütləvi informasiya vasitələrinin iştirakı ilə Naftalan rayonuna 50 nəfərlik heyətin iştirakı ilə infoturun keçirilməsi nəzərdə tutulur. İnfotur çərçivəsində turizm şirkətləri və media nümayəndələri iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, eləcə də tarixi-mədəni abidələrlə tanış olacaqlar».
   M.Qəhrəmanov qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrdə ölkəmizin müalicəvi turizm imkanlarının təbliğinə də xüsusi önəm verir: «Beynəlxalq sərgilərə müalicə turizmi ilə bağlı bukletlər aparılır və orada ziyarətçilərə paylanır. Eyni zamanda bu sərgilərdə iştirak edən turizm şirkətləri də ölkəmizdə bu turizm növünü reklam edən vasitələrdən istifadə edirlər. Hələlik isə daha çox Naftalan nefti reklam olunur. Termal suların ətrafında müasir standartlara uyğun infrastruktur yaradıldıqdan sonra onları da xarici bazara çıxarmaq mümkündür».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar