Çingiz Hacıyev: «Əsas məqsədimiz Azərbaycan və Rusiya turist bazarını ələ almaqdır»
   
   Azərbaycanda geniş perspektivlərə malik turizm növlərindən olan müalicə turizminin inkişafı hazırda həm dövlət, həm də özəl sektorun diqqət mərkəzindədir. Bu xüsusda vaxtilə keçmiş SSRİ-də və dünyanın bir çox ölkələrində yaxşı tanınan Naftalan sanatoriya-şəhərinin şöhrətinin bərpa olunması, buradakı müalicə və istirahət ocaqlarının yenidən qurulması müstəsna önəm kəsb edir.
      
   Naftalanda 1984-cü ildən fəaliyyət göstərən «Çinar» sanatoriyası 2007-ci ildən rekonstruksiyaya dayandırıldıqdan sonra 2011-ci ilin fevralında prezident İlham Əliyevin iştirakı ilə «Çinar Hotel & SPA Naftalan» adı ilə yenidən açıldı. İstirahət və müalicə mərkəzinin baş direktoru Çingiz Hacıyevlə müəssisənin fəaliyyəti və iş prinsipləri barədə söhbət etdik. Söhbətə birbaşa əsas mətləbdən, müəssisədəki qiymətlərdən başladıq:
   - Yeni fəaliyyətə başlayan hotellərin müştəri cəlb etmək üçün atdığı ilk addımlardan biri də qiymət siyasəti ilə bağlıdır. Müşahidələrimiz əsasında deyə bilərik ki, qiymətləriniz heç də hamının cibinə uyğun deyil. Necə hesab edirsiniz, belə yüksək qiymətlərlə müştəri cəlb etmək mümkün olacaqmı?
   - Qiymətlər baxımından bizim öz strategiyamız var. Mən hesab etmirəm ki, qiymətlərimiz yüksəkdir. Birinci il fəaliyyət göstərdiyimizdən endirimli qiymətlər təklif edirik. Təklif etdiyimiz xidmət beşulduzlu hotel xidməti səviyyəsindədir. Bununla yanaşı, geniş çeşiddə poliklinik və fizioterapevtik xidmətlər də təklif edirik. Bunların hamısını bir paketdə yerləşdirsək, gündə üç dəfə yeməyi də əlavə etsək - qiymətlərimiz heç də yüksək deyil.
   Digər tərəfdən, bizim təklif etdiyimiz qiymət heç bir əlavə tibbi xidmət göstərməyən 4-5 ulduzlu hotellərin qiymətindən xeyli aşağıdır. Çünki biz burada həm də müalicə kursu keçirik. Məsələn, deyəndə ki, 2 həftəlik paket 1000-1500 manat arasındadır, əvvəlcə baha görünür. Amma bu məbləği 14 günə böləndə sutkaya 80-100 manat düşür. Üstəlik, qalmaq üçün yüksək şərait, müayinə, gündə üç dəfə yemək və s. Təklif etdiyimiz paketin 20 faizi təkcə müayinələr üçün nəzərdə tutulur. Bizim qiymət siyasətimiz elə qurulub ki, xidmətlərimizdən hər kəs faydalana bilər.
   - Türkiyədəki SPA hotellərdə təklif olunan qiymətlər Azərbaycana nisbətən xeyli ucuzdur. Sizcə, bunun səbəbi nədir?
   - Hotel qiymətləri azad bazar iqtisadiyyatı ilə müəyyənləşir. Bizim siyasətimiz hoteli 20-30 faizlə deyil, 100 faizlə, özü də aşağı qiymətlə işlətməkdir. Bunun üçün də ilk növbədə qiymətlərimizi düzgün müəyyənləşdirməliyik. Müalicə turizmi bir qədər fərqlidir. Türkiyədəki sağlıq hotelləri yalnız yataq və termal müalicə təklif edirlər. Onlarda bizdəki kimi, yüksək səviyyəli müayinə və tibbi heyət yoxdur. Bunların hamısı bizim üstünlüyümüzdür.
   - Turizm şirkətlərinə təklif etdiyiniz paketdə hansı güzəştləri nəzərdə tutursunuz?
   - Turizm şirkətləri ilə yaxından əməkdaşlıq etmək niyyətindəyik. Çünki bilirik ki, onların köməyi olmadan təklif etdiyimiz xidmətləri tanıtmaq mümkün deyil. Üç növ qiymət paketi təklif edirik. Bunlardan ən ucuzu turizm şirkətləri üçün nəzərdə tutulur. İkincisi internet vasitəsilə təklif etdiyimiz onlayn-rezervasiya qiymətlər, üçüncü isə birbaşa müştəriyə təklif olunan qiymətlərdir. Bu qiymətlər arasında 10 faiz fərq var. Yəni turizm şirkətinin vasitəsilə sanatoriyamıza müraciət edən turistə təklif etdiyimiz qiymətlə bizə birbaşa müraciət edən turistə təklif etdiyimiz qiymət arasında 20 faiz fərq olacaq.
   - Hotelinizdə çalışan personalın əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Bunun səbəbi nədir?
   - Azərbaycanda hotel xidmətində yetişmiş peşəkar kadrlar hələlik azdır. Əsas səbəb budur. Biz Türkiyədən işçiləri məcburiyyət qarşısında qalaraq dəvət etmişik. Onlarla 1-2 illik müqavilə bağlamışıq. Bu müddətdə isə yerli kadrlardan ibarət personal yetişdirmək niyyətindəyik. Bizim hotel Naftalanın yeni inkişafı dövründə fəaliyyətə başlayan ilk müəssisədir. Bunun ardı gələcək. Yəni biz həm özümüz, həm də sonra işləyəcək müəssisələr üçün kadrlar yetişdirməliyik. «Qaşaltı» sanatoriyası yaxın müddətdə işə başlayacaq. Bu il ərzində daha bir sanatoriyanın istifadəyə verilməsi nəzərdə tutulur. Əsas məsələ Naftalanın dünya şöhrətli sanatoriya-şəhər statusunu bərpa etməkdir. Biz burada mətbəx məktəbi açmağı da düşünürük. Yaxın günlərdə arzu edənlər üçün seminarlarımız başlayacaq.
   - Personalın peşəkarlıq səviyyəsini yüksəltmək üçün əməkdaşlarınızı kurslara göndərmək niyyətiniz varmı?
   - Bizim hotelçilik baxımından kadrlarımız peşəkardır. Ön büro müdirimiz Türkiyədə universitetlərdə turizm sahəsindən mühazirələr verir. Aşpazımız bir çox Avropa ölkələrində çalışmış, böyük təcrübəyə malik şəxsdir. Bununla yanaşı, hotelimizdə Türkiyədən dəvət etdiyimiz mütəxəssislərin iştirakı ilə kurslar keçirilir. Yeri gəlmişkən, hazırda Turizm İnstitutunda qiyabi təhsil alan bir tələbə bizdə təcrübə keçir.
   Naftalanın gələcəyi çox perspektivlidir. Burada sistemi qurmaq üçün ilk mərhələdə kənardan peşəkarların dəvət edilməsi zəruridir. Hər şey öz yerini tapandan sonra bütün strukturlara yerli kadrlar təyin ediləcək. Mən əvvəllər Mərkəzi Klinik Xəstəxanada işləyirdim. O zaman həmin xəstəxanada da bütün personal Türkiyədən dəvət edilmişdi. Müəyyən zaman keçdi, indi orada çalışanların əksəriyyəti azərbaycanlılardır. Bu təcrübə bütün ölkələrdə var.
   - 2011-ci il Azərbaycanda «Turizm ili»dir. Bu il Azərbaycana turist axınını daha da intensivləşdirməyin yollarını nədə görürsünüz?
   - Bu suala məşğul olduğum sahəyə görə cavab vermək istərdim. Naftalana turizm axınını sürətləndirmək üçün ilk növbədə «Çinar Hotel & SPA Naftalan» kimi müəssisələrin sayını artırmaq lazımdır. Bu istiqamətdə işlər davam edir. İkincisi, turizm şirkətləri ilə bərabər rəqabətli şərtlərlə işləmək, onları bu işə cəlb etmək gərəkdir. Üçüncüsü, reklam işlərini yüksək səviyyədə qurmaq lazımdır. Sərgilərdə iştiraka üstünlük veririk. Martın 15-də Moskvada, apreldə Londonda və 28-30 aprel tarixlərində Bakıda keçiriləcək beynəlxalq turizm sərgilərində iştirak edəcəyik.
   Bizim məqsədimiz birincisi Azərbaycan, sonra isə Rusiya turist bazarını ələ almaqdır. Xüsusilə çoxlu müştəri cəlb edə biləcəyimiz yer Rusiyadır. Çünki Naftalanı bu ölkədə hələ sovet dövründən tanıyırlar. Daha sonra isə Türkiyə və İran bazarında tanınmaq niyyətindəyik.
   - Naftalan sanatoriyaları həmişə Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıq edib. Bu əməkdaşlıq indi də davam edirmi?
   - Bir neçə sanatoriya ilə hazırda Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşlığı var. Amma biz yeni fəaliyyətə başladığımıza görə hələ əlaqələr yaratmamışıq. Çox güman ki, bu əməkdaşlıq olacaq.
   - Turizmin inkişafını şərtləndirən amillərdən biri də yol infrastrukturunun qurulmasıdır. Buraya gələrkən rayonun yollarının heç də ürəkaçan vəziyyətdə olmadığının şahidi olduq. Bununla bağlı əlaqədar qurumlar qarşısında məsələ qaldırmaq niyyətiniz varmı?
   - Yolun Naftalan şəhərindən Qızılhacılı qəsəbəsinə qədər olan hissəsi təmir olunub. Hazırda oradan İpək Yoluna qədər olan hissə də təmirə dayanıb. Bizə verilən məlumata görə, may ayına qədər yolun bu hissəsi də təmir olunub qurtarmalıdır. Bundan başqa, «Çinar» istirahət mərkəzinə insanların gəlişini asanlaşdırmaq üçün gələcəkdə Gəncə aeroportuna xüsusi reyslərin təşkil edilməsi, Naftalan şəhər mərkəzində əvvəllər fəaliyyət göstərən kiçik hava limanının bərpa edilməsi və buraya çarter reyslərinin təşkili də nəzərdə tutulur.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar