Rəvayətə görə, bir vaxt bu yerlərdən ağır dəvə karvanı keçirmiş. Karvanda xəstə bir dəvə varmış. Karvanı ləngitdiyinə görə sahibi onu neftli göllər olan bir ərazidə açıb buraxır. Bir müddət sonra karvan geri qayıdanda həmin ərazidən keçir və burada bir dəvə görürlər. Karvanbaşı dəvəsini tanıyır və gözlərinə inanmır: xəstə, yarımcan dəvə tamamilə sağalmış, ətə-qana dolmuşdu. Tacirlər dəvəni izləyəndə görürlər ki, o, gündə bir neçə dəfə neftli gölə girir, sonra isə özünü günə verir. Karvandakılar göldəki məhluldan əllərindəki yaralara sürtürlər, tezliklə yaraları sağalır. Bundan sonra onlar həmin yağlı mayeni qablara dolduraraq öz ölkələrinə aparırlar. Bu əraziyə isə “Naftalan», yəni «neft olan sahə» adını qoyurlar.

   Xəbər verdiyimiz kimi, martın 5-6-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Ata Turizm” turizm şirkətinin təşkilatçılığı ilə Naftalan kurort-şəhərinə infotur təşkil edilmişdi. Səfərin məqsədi Naftalanın turizm imkanlarının turist şirkətlərinə və media nümayəndələrinə tanıdılması idi. Bu sətirlərin müəllifi də infotur iştirakçıları arasında idi.
   
   «Kim Naftalana malikdirsə, onun hər şeyi var»
   
   Tarixi mənbələrdə Naftalan neftinin müalicə məqsədilə istifadə olunmasına dair ilk yazılı məlumat XII əsrə təsadüf edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvi öz əsərlərində qumla qarışdırılmış müalicəvi neftin karvanlarla bu torpaqlardan uzaqlara aparılmasından söz açırdı. Naftalan neftinin texniki istismarına isə XIX əsrin 70-ci illərindən başlanıb. 1892-ci ildə alman mühəndisi Y.İ.Eger ilk dəfə Naftalanda neft çıxarmaq üçün buruq qazdırır. Hətta o, Naftalan neftindən maz almaq üçün burada kiçik bir zavod da tikdirir. Həmin zavodda «Naftalan» və «Kojelon» adlı preparatlar hazırlanırdı. Bu preparatlar Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya və başqa ölkələrə satılırdı. Naftalan nefti haqqında məşhur alman dermotoloqu P.P.Unna 1903-cü ildə reklam çıxışlarının birində deyir: «Kim Naftalana malikdirsə, onun hər şeyi var».
   Tarixi faktlardan o da məlumdur ki, 1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı əsir düşən yapon əsgərlərinin tibbi çantalarında Naftalan mazı ilə dolu bankalar tapılıb. Bütün bunlar onu göstərir ki, Naftalan neftinin dünyada analoqu yoxdur və o, unikal müalicəvi əhəmiyyətə malikdir.
   Naftalan kurortu 1933-cü ildə fəaliyyətə başlayıb. Kurortun əsas inkişafı isə 1970-1980-ci illərə təsadüf edir. Təkcə 1987-ci ildə Naftalan kurortunda SSRİ məkanından 70 minə qədər insan müalicə olunub.
   SSRİ-nin dağılmasından sonra bu sahə bir müddət diqqətdən kənarda qalsa da, son vaxtlar Naftalanda yeni hotel və müalicə mərkəzləri inşa edilir. Bu isə o deməkdir ki, Naftalan əvvəlki şöhrətini özünə qaytarır.
   İnfotur iştirakçılarının yaxından tanış olduqları «Çinar Hotel & SPA Naftalan» kompleksi də öz müasirliyi və yüksək xidmətləri ilə fərqlənir.
   
   Naftalan məlhəmi: 77 xəstəliyin dərmanı
   
   «Çinar» sanatoriyası ilə əyani tanışlığımız sanatoriyanın baş həkimi Çingiz Hacıyevin təqdimatı ilə başladı. Onun sözlərinə görə, mərkəzdə Naftalan məlhəmi ilə kompleks müalicə prosedurları təklif edilir. Xəstə bütün növ müayinələrdən keçdikdən sonra nəticələrə uyğun olaraq müalicə kursları başlayır.
   Müalicə kursu ən ideal halda 21 gün olmalıdır, bu müddətdə xəstə 12 vanna qəbul edir. Ümumiyyətlə, terapevtik effekt alınması üçün ən azı 8 vanna qəbul edilməlidir. Xəstənin durumuna görə bir gün müalicə, bir gün fasilə etmək lazım olur. Oynaq sistemi, dəri, ginekoloji, uroloji xəstəliklərin, sonsuzluğun, xüsusilə də kişi sonsuzluğunun Naftalan nefti ilə müalicəsi mümkündür. Eyni zamanda bu müalicə vasitəsinin əks-göstəriciləri də var. Ürək-damar sistemi, onkoloji, psixi xəstəliklərdə Naftalan vannası qəbul etmək olmaz. Buna görə də poliklinikada peşəkar həkimlərin nəzarəti ilə xəstələr çox ciddi müayinə olunurlar.
   Baş həkim deyir ki, istifadə olunmuş neft filtrlərdən keçirilir, tərkibi əlavə qatqılardan təmizləndikdən sonra generator tankı adlanan qurğuda bir müddət qalır, orada öz müalicəvi funksiyasını bərpa edir, sonra isə təkrar istifadəyə verilir. Neft məhlulu xəstəyə 38 dərəcə temperatura qədər qızdırıldıqdan sonra verilir: «Vannalar hər xəstədən sonra xüsusi vasitələrlə yuyulur, sonra başqa xəstənin istifadəsinə verilir. Naftalan neftinin əsas müalicəvi xüsusiyyəti onun tərkibində olan naften hidrokarbonatları ilə bağlıdır. Bu hidrokarbonatlar bir çox sahələrə təsir edir. Əsasən də orqanizmin immun sistemini bərpa edir. 12 cür oynaq və revmatizm xəstəliklərində istifadə olunan məlhəm müalicə müddətində əvvəlcə xəstəliyi kəskinləşdirir, yəni orqanizmi oyadır. Buna görə də 1, 2, 3 prosedurdan sonra xəstələrdə ağrılar artır. Amma 4, 5, 6-cı vannalardan sonra artıq orqanizm oyanan xəstəliyə qarşı mübarizə aparmağa başlayır. Bu zaman Naftalan nefti orqanizmə kömək edir. Ümumilikdə Naftalan məlhəmi 77 cür xəstəliyin müalicəsində istifadə olunur».
   
   «Çinar» sanatoriyasında 200 nəfərlik heyət çalışır
   
   Sanatoriya ilə əyani tanışlıqdan sonra «Çinar» hotelin konfrans zalında infotur iştirakçıları üçün seminar keçirildi. Sanatoriyanın poliklinikasının şöbə müdiri Anar Cumayev burada aparılan müayinə və müalicə prosedurları haqqında danışdı. Bildirdi ki, Naftalan Terapiya Mərkəzi iki mərtəbədən ibarətdir. 1-ci mərtəbədə kişilər, 2-ci mərtəbədə isə qadınlar üçün vannalar yerləşdirilib. Mərkəzdə ümumilikdə 28 ədəd vanna var, bunlardan 24-ü Naftalan məlhəmi, 4-ü isə yod-brom vannalarıdır.
   «Çinar Hotel & SPA Naftalan»ın ön büro müdiri (inzibatçısı) Sedat Degişgel iştirakçıları hotellə bağlı məlumatlandırdı. Onun sözlərinə görə, hotel və tibbi mərkəz olmaqla iki hissədən ibarətdir. Hotel hissəsi 4 bölümdən - otaqlar, yemək-içmək, alqı-satqı və əyləncə bölümlərindən ibarətdir. Qışda 126, yayda isə 180-200 nəfərlik xidməti personal çalışır. Personalın 95 faizi yerli sakinlərdir. Rus, ingilis, türk, alman, fransız və ərəb dillərində danışmağı bacaran işçilər var. Hotelin 170 otağı var, eyni vaxtda 350 insanı yerləşdirmək imkanları mövcuddur. Hotelin yeməkxanasında Azərbaycan, Türkiyə və Avropa mətbəxinə aid yeməklər təklif olunur. Baş aşpaz Türkiyədən dəvət olunub.
   Hoteldə minimarket, suvenir mağazası, qadın gözəllik salonu, hovuz, türk hamamı, sauna, uşaqlar üçün əyləncə otağı, idman zalı, diskoteka, stolüstü oyunlar otağı, internet klub, «ATAbank»ın bankomatı və ofisi yerləşir. 20 hektarlıq ərazisi olan hotelin bağında arzu edənlər kirayə götürdükləri velosiped və motosikletlə gəzə bilərlər. Hoteldə qiymətlər üç mövsüm üçün nəzərdə tutulub. Dekabr-yanvar aylarında ən aşağı qiymətlərlə, mart-aprel və oktyabr-noyabr aylarında orta, may-sentyabr aylarında isə yüksək qiymətlərlə xidmət təklif olunur.
   
   Naftalan dünyanın bir möcüzəsidir
   
   İnfoturda iştirak edən «Skal Bakı»nın prezidenti və «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirdi ki, Naftalan dünyanın bir möcüzəsidir. Elə bu səbəbdən də post-sovet məkanına turlar zamanı həmişə Naftalan barədə onlara sual verirlər: «Bundan sonra biz Azərbaycanı təmsil etdiyimiz bütün xarici tədbirlərdə Naftalanı bir turizm məhsulu kimi qürurla təqdim edə biləcəyik. Çünki «Çinar Hotel & SPA Naftalan»da insanın dincəlməsi və eyni zamanda müalicə alması üçün hər şərait yaradılıb. Qarşıdan turizm mövsümü gəlir. İndi turizm şirkətlərinin əsas vəzifəsi bu sanatoriyanın xidmətlərinin satışını həyata keçirməkdir».
   Lənkəranda yerləşən «Palmali-Rezort» hotelin baş meneceri Zəfər Atakanın sözlərinə görə, dünyada müalicə turizmindən külli miqdarda gəlir götürən ölkələr var: «Amerikada yerləşən Dünya Sağlıq Turizm Şirkətləri Birliyinin məlumatına görə, dünyada il ərzində müalicə turizmindən 200 milyard dollar gəlir götürülür. Türkiyənin isə bu sahədən əldə etdiyi vəsait 4 milyard dollardan çoxdur. Azərbaycanın turizmin bu növündən kifayət qədər yüksək qazanc əldə etmək imkanları var. Müalicə turizminin bir üstünlüyü də ondadır ki, insanlar öz xəstəliklərini məcburən müalicə etdirməlidir. Düşünürəm ki, «Çinar» sanatoriyası kompleks xidmət təklif etdiyinə görə az vaxtda tanınacaq və çoxsaylı müştərilərə sahib olacaq. Bunun üçün də xarici ölkələrdə keçirilən sərgilərdə yaxından iştirak etmək və turizm şirkətləri ilə sıx əməkdaşlıq etmək lazımdır».
   Naftalan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahirə Aslanova bildirdi ki, hazırda rayonda 4 özəl turizm obyekti, dövlətin nəzarətində olan Kurortlar Birliyi, Əlillərin Bərpa Mərkəzi, 250 yerlik «Qaşaltı» sanatoriyası, 350 yerlik «Çinar» sanatoriyası və s. fəaliyyət göstərir: «2010-cu il ərzində Naftalana 3 mindən çox turist gəlib. Bunların arasında xarici ölkələrdən gələnlər də var. Daha çox isə Rusiya, Türkiyə, Çinin vətəndaşları gəlir. Yəqin ki, bundan sonra gələnlər daha çox olacaq. Çünki indiyə qədər sanatoriyalarda məcburi köçkünlər məskunlaşmışdılar. İndi isə onlar xüsusi şəhərciklərə köçürülüblər və sanatoriyalar yenidən qurulur».
   Onu da qeyd edək ki, infoturun sonunda iştirakçılara «Çinar Hotel & SPA Naftalan»ın rəhbərliyi tərəfindən sertifikatlar təqdim edildi.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar