Çoxdan belə mənzərə ilə rastlaşmamışdım. İlyarımdan çox sürən pandemiya fasiləsindən sonra teatr binası önündə belə qələbəlik görmək gözlənilməz idi. Xüsusən teatrın kassası qarşısında “Necə yəni bilet yoxdu”, “Onlayn satış edirsiz, çox əcəb, bəs belə canlı gəlib kassada dayananları düşünmürsüz” kimi suallar verən nigaran tamaşaçıları görmək lap xoşuma gəldi... Əlqərəz, onları da, əli hər şeydən üzülüb iri afişa önündə foto çəkdirənləri də arxada qoyub binaya daxil oluram. Bu dəm yadıma mərhum teatr xadimlərindən birinin sözləri düşür: “Aktyorun adını afişada görüb gələn tamaşaçı olduqca teatr da yaşayacaq, aktyor da...”.
Az öncə gördüyüm mənzərədən sonra onun nə qədər haqlı olduğunu bir daha anladım. Bu axşam (16 oktyabr) onun – tamaşaçını teatra gətirən aktyorun, Xalq artisti Nurəddin Mehdixanlının axşamı idi. Ömrünü həsr etdiyi, ən gözəl illərini keçirdiyi Akademik Milli Dram Teatrının səhnəsində 65 yaşlı sənətkarın yubiley tamaşası əsl sənət bayramı əhvalına köklənmişdi.
Öncə səhnəyə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova çıxdı. Mədəniyyət naziri Anar Kərimovun təbrik məktubu oxundu. Məktubda aktyorun milli teatr sənətimizin inkişafında xidmətləri, bir-birindən fərqli və maraqlı rollar oynaması, sənətkar kimi xalqının sevgi və rəğbətini qazanması, Vətəninə bağlı teatr xadimi kimi dövlətin də diqqət mərkəzində olması, fəxri adlar və mükafatlarla əməyinin qiymətləndirilməsi qeyd olunurdu.
Ardınca Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov səhnəyə çıxaraq kollektivin adından teatrın bədii rəhbəri və direktoru Azər Paşa Nemətovun təbrik məktubunu oxudu. Nurəddin Mehdixanlının sənət yolundan, akademik teatrın səhnəsində yaratdığı yaddaqalan obrazlardan bəhs edildi, aktyor məziyyətləri sadalandı.
Alqış sədaları altında pərdələr açıldı və ölməz Mirzə Cəlilin daim dipdiri “Ölülər”i yenidən səhnədə “zühur” etdi. Hər zaman müasir və təəssüf ki, hər daim ağrı ilə gülüb, dərin sarsıntı ilə müşayiət etdiyimiz cəhalət, xurafat və axmaqlığın ən dibini göstərən əsərin cari repertuardakı səhnə həlli ədibin 150 illik yubileyi münasibətilə ərsəyə gəlib. Xalq artisti Azər Paşa Nemətovun quruluş verdiyi tamaşanın Şeyx Nəsrullahı Nurəddin Mehdixanlı idi.
Səhnə əsərində digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əli Nur, Əməkdar artistlər Anar Heybətov, Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Mətləb Abdullayev, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova oynayırdılar.
Əsərdən irəli gələn mənəvi əsarət, quruluş həllinin çoxfunksiyalı təsir imkanları aktyorların ifasında özünəməxsus çalarlarla açılırdı. Yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini, XX əsrin əvvəllərinə aid edilən, əslində, zamanı olmayan mövhumat və cahilliyin dramatik lövhələrini dolğun təcəssüm etdirə bildi.
Bu mənada iki saata yaxın səhnədə əsl oyun nümayişi edən Şeyx Nəsrullah – Nurəddin Mehdixanlı aktyor kəramətini necə lazımdısa göstərdi.
Elə tamaşaçısına təşəkkür nitqini də oyunu kimi təbii, səmimi və peşəkar etdi. Dönə-dönə onu sürəkli alqışlayan auditoriya və tərəf-müqabilləri önündə təzim etdi və hər kəsə minnətdarlığını bildirdi. 22 yaşında ilk dəfə çıxdığı akademik teatrın səhnəsində olmağın sevinc və həyəcanını 65 yaşında da eyni şövq və enerji ilə tamaşaçısına ötürdü...
HƏMİDƏ