Zəfərimizə həsr olunan festivallar teatr mühitini də canlandıracaq

 

Zəfərlə bitən Vətən savaşımıza ədəbiyyatın, kinonun, musiqinin, teatrın, ümumən yaradıcı sənayenin münasibəti, bəzən də münasibətsizliyi haqqında tez-tez müzakirə aparırıq. İkinci Qarabağ müharibəsinin sənətdə inikası barədə təhlil apararkən teatrla bağlı iki müsabiqə diqqətimizi cəlb etdi. Hərçənd könül istərdi ki, belə layihələr daha çox olsun...

Müsabiqələrdən birini Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) təşkil edir. Qurum 1-8 noyabr tarixində Vətən müharibəsində şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Qalib olan Azərbaycan” adlı teatr festivalı keçirəcək. Təşkilatçılar pandemiya şəraitinə uyğun olaraq tamaşaları videoformatda qəbul etsələr də, festival günlərini canlı ünsiyyətlə keçirməyi düşünürlər.

Festivalın keçirilməsində əsas məqsəd Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun göstərdiyi qəhrəmanlığı, tarixdə əbədi qalacaq Zəfərə doğru gedən çətin və şərəfli yolu əks etdirən dramaturji nümunələrin sayını artırmaq, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdır.

Münsiflər heyəti tərəfindən seçiləcək tamaşalar 1-8 noyabr tarixində ATXİ-nin zalında oynanılacaq və geniş auditoriyanın müzakirəsinə çıxarılacaq.

İkinci layihə Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının keçirdiyi “4.4 Qısa Tamaşalar Festivalı”dır. Bu layihənin də məqsədi Azərbaycan Ordusunun parlaq Qələbəsinin bədii əksi, həmçinin milli teatr sənətinin rəqəmsal dünyada təbliğidir. Festival həm də pandemiyanın doğurduğu obyektiv səbəblər üzündən durğunlaşmış teatr prosesinin dirçəldilməsi və teatr xadimlərini yaradıcı təşəbbüslərə təşviq etmək məqsədini qarşıya qoyub.

Festivalın adı rəmzi məna daşıyır. Qoşa 4 rəqəmi ən yeni tariximizin şanlı səhifələrini təşkil edən 44 günlük Vətən müharibəsində qazandığımız Zəfəri və bu qalibiyyət yolunun təməlinin qoyulduğu 2016-cı ilin dördgünlük Aprel döyüşlərini simvolizə edir.

Otuz ilə yaxın işğal altında olan torpaqlarımızın rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində azad edilməsi milli teatr sənətində də öz təcəssümünü tapmalıdır. Bu mənada, inanaq ki, “4.4 Qısa Tamaşalar Festivalı” xalqımızın haqq savaşındakı qalibiyyətini Azərbaycan teatr tarixində əbədiləşdirməklə yanaşı, teatr mühitindəki sükunəti də aradan qaldırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edir.  

Layihə barədə məlumat verən sənət portalının təsisçisi, teatrşünas Elçin Cəfərov festivalın teatr ictimaiyyəti tərəfindən maraqla qarşılandığını deyir: “Dövlət teatrlarından, özəl teatr kollektivlərindən, eləcə də müstəqil sənətçilərdən çoxlu müraciətlər daxil olub. Xüsusən gənclərin layihəyə maraq göstərməsi, paytaxt teatrları ilə yanaşı, bölgə teatrlarının da festivala qoşulması həm təşkilatçı, həm də teatrşünas kimi məni çox sevindirir. Tamaşaların qəbulu mərhələsi 15 oktyabrda başa çatsa da, müraciət edənlər hələ də var. Festivalın proqramı zəngin olacaq. Tamaşaların nümayişi noyabrın birinci həftəsinə nəzərdə tutulub. Layihə ilə bağlı  Teatr Xadimləri İttifaqı ilə də danışmışıq. İstəyirik ki, tamaşaların müzakirəsinə, peşəkar münsiflər heyəti ilə yanaşı, ATXİ-nin nəzdində “Teatrşünaslar laboratoriyası”nın gənc ekspertləri də cəlb edilsin. Bu cür layihələrdə gənc tənqidçilərin də iştirakı teatr prosesinin intensivləşməsi və teatrşünaslığın inkişafı üçün olduqca səmərəlidir”.

Dünya teatr təcrübəsi göstərir ki, festivallar həmişə prosesin inkişafına güclü təkan verir, bu sahədə canlanmaya səbəb olur. İnanırıq ki, hər iki təşəbbüs pandemiyadan qurtulmağa çalışan teatrlarımızın, teatr təmsilçilərinin aktiv iştirakı ilə reallaşacaq. Bizlər də baxımlı nümunələri seyr edə biləcəyik...

Həmidə NİZAMİQIZI