Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən olan və hər il fərqli ölkələrdə keçirilən “Türk dünyası şairlər görüşü” bu dəfə Özbəkistanın Xarəzm vilayətinin Ürgənç və Xivə şəhərində gerçəkləşib.

Qeyd edək ki, görüş ötən il koronavirus (COVİD-19) pandemiyasına səbəbindən ertələnən “Xivə 2020: Türk Dünyası Mədəniyyət Paytaxtı” tədbirləri çərçivəsində keçirilib.

TÜRKSOY-dan verilən məlumata görə, 12-16 oktyabr tarixlərində baş tutan tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Başqırdıstan (RF), Saxa-Yakutiya (RF) və Şimali Makedoniyadan şairlər iştirak ediblər. Ölkəmizi görüşdə şairlər Əkbər Qoşalı və Taleh Mənsur təmsil ediblər.

Proqram çərçivəsində qonaqlar Ürgənç Dövlət Universitetində müəllim və tələbə heyəti, Özbək-Türkmən Dostluq Evində yerli sakinlərlə bir araya gəliblər. Şairlərin söylədikləri şeirlər rəğbətlə qarşılanıb.

Tədbirin sonunda şairlərə TÜRKSOY-un plaketi təqdim edilib. Xarəzm Valiliyi adından şairlərə özbək milli geyimi – çapan, xatirə hədiyyələri təqdim edilib.  

Qonaqlar səfər müddətində Ürgənç və Xivə şəhərlərinin görməli yerləri, tarixi məkanları ilə də tanış olublar.

Mehparə SULTANOVA
Ankara