Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində nazir Anar Kərimovun şəhid mədəniyyət işçilərinin ailə üzvləri ilə görüşü keçirilib.

Tədbiri Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə açıb. Şöbə müdiri şəhid mədəniyyət işçilərinə həsr olunmuş “Səhnədən səngərə” layihəsi barədə məlumat verib.

Sonra 44 günlük Vətən müharibəsində həlak olmuş mədəniyyət işçilərinin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Görüş iştirakçılarını səmimi salamlayan Anar Kərimov şəhid ailələri və qazilərin daim diqqət mərkəzində olduqlarını, nazirlik tərəfindən bu səpkidə mühüm layihələrin həyata keçirildiyini bildirib.

Nazir şəhid valideynlərinə müraciət edərək deyib: “Bu görüş bizim üçün həm də ona görə dəyərlidir ki, siz bizə şəhidlərimizin əmanətisiniz. Ən ali, müqəddəs duyğuları onlara məhz siz aşılamısınız, qəlblərinə mərdlik, sevgi toxumları səpmisiniz”.

Tədbir şəhidlərin doğmalarına fəxri diplomların təqdim olunması və Anar Kərimovun ailələrlə masa ətrafında səmimi söhbəti ilə davam edib.