Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz verib. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Canəli Xanəli oğlu Əkbərov 2021-ci il oktyabrın 22-də, ömrünün 82-ci ilində vəfat edib.

Canəli Əkbərovun vəfatı ilə bağlı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri adından nekroloq yayılıb.

Nekroloqda bildirilir ki, Canəli Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1958-ci illərdə Lənkəran Tibb Texnikumunda oxumuşdur. Musiqiyə erkən yaşlarından maraq göstərən Canəli Əkbərov 1963–1968-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin xanəndəlik şöbəsində görkəmli sənətkarlardan muğamın incəliklərini öyrənib. 1976–1982-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyub təhsil almışdır.

1963–1975-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında işləyən Canəli Əkbərov 1976–2006-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, opera səhnəsində aparıcı rollarda çıxış edib.

Canəli Əkbərov 1992-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, uzun illər muğam sənəti kafedrasının müdiri olaraq fəaliyyət göstərib.

Geniş səs diapazonuna malik sənətkar milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə töhfələr verib. Canəli Əkbərovun ifasında səslənən “Orta mahur”, “Çahargah”, “Arazbarı”, “Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycanın musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutur.

Dünyanın bir çox ölkələrinə qastrol səfərlərində Azərbaycan mədəniyyəti günləri və beynəlxalq musiqi festivallarının iştirakçısı kimi Canəli Əkbərov milli mədəniyyətimizi uğurla təmsil edib, öz çıxışları ilə musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarıb.

Canəli Əkbərov milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf” və 2020-ci ildə 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib.

Görkəmli xanəndə, mahir pedaqoq, səmimi və təvazökar insan Canəli Əkbərovun xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin.

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Emin Əmrullayev

Zeynəb Xanlarova

Əlibaba Məmmədov

Arif Babayev

Səkinə İsmayılova

***

Canəli Əkbərov oktyabrın 23-də Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub. Mərasimdə mədəniyyət naziri Anar Kərimov, digər rəsmilər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Sənətkarın məzarı üzərinə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından əklil qoyulub.

“Canəli Əkbərov muğam sənətinin inkişafına böyük töhfələr vermiş bir şəxsiyyətdir. Onun sənət mirası bundan sonra da yaşayacaq. Bu gün onun davamçıları var. Onun tələbələri bu mirası ondan sonra da yaşatmalıdırlar”, – deyə naziri Anar Kərimov media mənsublarına açıqlamasında bildirib.