Oktyabrın 22-də Türkiyə paytaxtında “Bir millət – iki dövlət: Qardaşlıq dastan” adlı teatr və rəqs kompozisiyası nümayiş olundu.

Ankara Konqres və Sərgi Mərkəzində baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc, Ankarada yaşayan soydaşlarımız, ziyalılar, sənətsevərlər iştirak edirdilər. Foyedə Türkiyə-Azərbaycan dostluğunu və tarixi işbirliyini əks etdirən foto və rəsmlərdən ibarət sərgi nümayiş olunurdu.

Türkiyə və Azərbaycandan 100 sənətçinin iştirakı ilə lirik, müasir və xalq rəqsləri, teatral səhnələrin bir arada olduğu kompozisiya 12 fərqli səhnə performansını əhatə edirdi. Bu səhnələr vasitəsilə tamaşaçı keçmişdən günümüzə boylanır, tarixi vərəqləyir, gah kövrəlir, gah da qürur dolu anlar yaşayırdı.

Layihənin rəhbəri – məşhur “Anadolu atəşi” rəqs qrupunun yetirməsi Serhat Turakın bildirdiyinə görə, “Qardaşlıq dastanı” uzun illərdir xəyalında qurduğu ssenarinin nəticəsində ərsəyə gəlib: “Türkiyə və Azərbaycan haqqında Nuh tufanı, Novruz şənlikləri, Nizami Gəncəvi, Mövlanə Cəlaləddin Rumi, Mehmet Akif Ərsoy, Əhməd Cavad və başqa böyük şairlərimizin həyat və yaradıcılığını əks etdirən vizual tamaşadakı hadisələr, eləcə də Zəfərə qədər uzanan yol Dədə Qorqudun dili ilə nəql olunur. Bu isə əsərin bütün Türk dünyasını əhatə etməsinə imkan verir”.

Tədbirin təşkilatçısı, Türkiyə İqdır Vəqfinin sədri Özgür İnan Zorun sözlərinə görə, bu layihənin ərsəyə gəlməsində Serhat Turakın rəqs kollektivi ilə birgə beşillik əməyi var.

Qeyd edək ki, Serhat Turak əslən azərbaycanlıdır. O, İgdır Fondu İdarə Heyətinin üzvüdür və “Anadolu atəşi” qrupunun rəqqası kimi illərdir dünyanı dolaşaraq türkçülüyü, türk mədəniyyətini təbliğ edir.

Vizual tamaşa böyük maraq və rəğbətlə qarşılandı.

Layihənin Türkiyə və Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə, habelə Avropada təqdim edilməsi nəzərdə tutulur.

Mehparə SULTANOVA
Ankara