Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Musiqi gecəsinin dinləyiciləri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim və tələbə heyəti olub.
Dirijorlar – Xalq artisti Yalçın Adıgözəlzadə və Əməkdar artist Fuad İbrahimovun idarəsi ilə gerçəkləşən konsertdən öncə Xalq artisti, professor Zəhra Quliyeva bu il 100 illik yubileyini qeyd edən Bakı Musiqi Akademiyasının yaranma tarixi, inkişaf yolu barədə danışıb. O, çıxışında bu təhsil ocağının yetişdirdiyi istedadlı musiqiçilər haqqında da məlumat verib.
Sonra konsert proqramı təqdim olunub. Dahi Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayan gecədə vokalçı S.Nəsibli Niyazinin “Arzu”, Əməkdar artist Aleksey Miltıx S.Raxmaninovun “Vocalise” əsərlərini səsləndiriblər.
Daha sonra Xalq artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında F.Pulenkin iki fortepiano və simfonik orkestr üçün konsert (II və III hissələr), Əməkdar artist, BMA-nın baş müəllimi İlham Nəzərovun ifasında G.Hendelin “Rinaldo” operasından ariya, S.Nəsirli və İ.Nəzərovun ifasında Xalq artisti F.Bədəlbəylinin “Ave Maria” əsərləri təqdim olunub.
Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin S.Raxmaninovun iki fortepiano və orkestr üçün süita əsərini (işləməsi A.Varenberq, III-IV hissələr) səsləndirmələri tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.
Yubiley konserti Fikrət Əmirovun məşhur “Azərbaycan kapriççiosu” əsərinin ifası ilə başa çatıb.