Pandemiyanın doğurduğu uzun fasilədən sonra Sumqayıt Dövlət Dram Teatrı 53-cü mövsümünün açılışını (16 oktyabr) premyera ilə etdi.

İstedadlı gənc yazar Ülviyyə Heydərovanın “Uşaqlıq” əsəri teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovun traktovkasında teatrsevərlərə təqdim olundu.

Nümayişdən öncə səhnəyə çıxan teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov teatrların fəaliyyətinin bərpa olunması, həmçinin 53-cu teatr mövsümünün açılışı münasibətilə hər kəsi təbrik etdi. Direktor yeni mövsümdə maraqlı, aktual mövzuların yer aldığı layihələrin sorağını da verdi.

Quruluşçu rejissor Firudin Məhərrəmov səhnə əsərinin ərsəyə gəlməsindən söz açaraq, Sumqayıt teatrında bu üslubda monotamaşanın ilk dəfə qoyulduğunu dedi.

Sonra səhnədə monotamaşanın məsum qəhrəmanı göründü. İstedadlı aktrisa İlahə Səfərovanın oyununda, bir neçə dəqiqəlik də olsa, hər kəsi əyləndirən, güldürən bir sirk artistinin, klounun problemlər içində çapalayan faciəvi yaşantılarına nəzər sala bildik. Uşaq evində min bir əziyyət və təzyiq altında böyümüş, indi də bətnindəki körpənin ona yaradacağı çarəsiz durumun dəhşətindən vahiməyə düşən və çırpındıqca yorğun düşüb, çarəsizliyinə səssiz üsyan edən gənc qadının iztirablarını anlamağa çalışdıq.

Quruluşçu rejissor tamaşanın başlanğıcı ilə finalını sanki bir fəlsəfi yozumda birləşdirib. Yaranış ilə ölüm məsafəsi əslində zaman-məkan təsnifatını arxa plana keçirməklə əsas ideyanı bəyan edir. Hadisələr dövr edir və başlanğıca qayıdır. Kloun rəmzi olaraq ölmüş valideynlərinin arasında xəyalən çəkdiyi şəklə dönür... Və oradan yenidən həyata gəlmək istəyir, amma öncə insanlara mesaj ötürür, qlobusu birbaşa tamaşaçılara atır, beləcə, “alın, bu dünyamızı dəyişin” söyləyir.

Dərin psixoloji qatlı əsərin bədii tərtibat (quruluşçu rəssam – Elşən Sərxanoğlu) və musiqi seçimi də çox uğurludur. Emosional musiqi və rənglərin əhatəsində həyatın qapqara tərəflərini sıxılmadan, bədbinliyə qapılmadan izləyirik. Beləcə, həyatı məhrumiyyətlərdə keçən qadının dramından aydın təsəvvürlə nəticə çıxara bilirik.

Tamaşanın nümayişindən sonra müəllif onun düşüncələrinin, yazı üslubunun dürüst səhnə həllinə nail olmuş quruluş müəllifinə və tamaşanın qəhrəmanına – gənc aktrisa İlahə Səfərovaya, tamaşaçılara minnətdarlığını bildirib və Sumqayıt Dövlət Dram Teatrı ilə əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb.

***

Sumqayıt teatrının yaradıcı heyəti növbəti günü də premyera ilə qeyd etdi. Özü də eyni müəllifin əsəri ilə.  Oktyabrın 17-də Sumqayıt Dövlət Dram Teatrında Ülviyyə Heydərovanın əsəri əsasında səhnələşdirilən “Pələng” mono-tamaşasının premyerası oldu.

Tamaşanın quruluşçu rejissoru Ümüd Abbas Nihani, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.

Varlı ailədə xüsusi şəraitdə bəslənmiş itin küçəyə atılması və acınacaqlı vəziyyətə düşməsinin oyun təsviri olan “Pələng” psixoloji gərginliyin dürüst rənglərlə çatdırılması,  plastika ustalığı ilə yadda qaldı.

Monotamaşanın ifaçısı Kamran Muradlı plastikası və səhnədəki elementlərdən düzgün istifadə ilə mövzunun ideya yükünü tamaşaçıya ötürə bildi.

Onu da qeyd edək ki, teatrda daha üç tamaşa hazırlanır. Nizami Gəncəvi ilə bağlı “Xəzinə” adlı yeni tamaşa-kompozisiyanın məşqləri gedir. Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” və xalq nağılı əsasında uşaqlar üçün nəzərdə tutulmuş “Göyçək Fatma” tamaşaları tamamlanmaq üzrədir.

H.NİZAMİQIZI