Oktyabrın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni layihəsi olan “Bəbə səhnəsi”nin premyerası olub.
“Qoğal” nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamları Şahin Hüseynli və Pərvanə Məmmədlidir. Tamaşada gənc aktrisalar Sabirə Abdullayeva və Hökümə Rəhimzadə rol alıblar.
Tamaşa nağıl estetikasında qurulub. Elə balaca tamaşaçıların gözü önündə açılan nağıl kitabının üzərində danışılan və göstərilən hadisə uşaqlar üçün maraqlıdır. Rejissor Elşad Rəhimzadə hesab edir ki, sənətlə erkən yaşlarında tanışlıq balacaların estetik zövqünün tərbiyə olunmasında son dərəcə vacibdir: “Düşünürəm ki, yeni yaranan “Bəbə səhnəsi”ndə balacalar üçün nağıllar və hekayələr əsasında kukla, maska və maket üslublarında tamaşalar təqdim etməyimiz faydalı olacaq”.