Oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Aida” operasının tamaşası keçiriləcək. Uzun illərdən bəri teatrın repertuarında olan bu operanın hər bir nümayişi geniş tamaşaçı auditoriyası toplayır.
Budəfəki tamaşa milli opera ulduzlarının iştirakı ilə baş tutacaq. Aida partiyasını Əməkdar artist, “Humay” milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək. Radames rolunda Əməkdar artist, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, İtaliyanın La-Skala Akademiyasının solisti Azər Rza-Zadə çıxış edəcək. Xalq artisti Fidan Hacıyeva tamaşada Amneris partiyasını ifa edəcək. Aparıcı rolu – Amonasro partiyasını ifa etmək üçün Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Almaniyanın Manheym Milli Operasının solisti Əvəz Abdullayev dəvət olunub.
Bundan başqa, opera tamaşasında Xalq artisti, Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsinin Qran-pri mükafatı laureatı Əli Əsgərov (Misir şahı), Əməkdar artist İnarə Babayeva (Kahin qadın) və vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Mariinski Teatrının (Sankt-Peterburq) solisti Məhərrəm Hüseynov (Ramfis) da iştirak edəcəklər.
Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.