Milli bayramımız ölkəmizə turist cəlb etmək üçün əlamətdar vasitədir
   
   Dünyanın bütün xalqlarının öz milli bayramları var. Hər il milyonlarla turistin bir ölkədən digərinə səyahət etməsinin bir səbəbi də fərqli mədəniyyətlər, adət-ənənələr, o cümlədən milli bayramlarla tanış olmaq istəyi ilə bağlıdır. 
   
   Bu mənada Azərbaycan da hər zaman zəngin mədəni irsi, adət-ənənələri ilə əcnəbi qonaqlar üçün cəlbedici məkan olub. Qədim irsimizi, adət-ənənələrimizi bu günümüzə qədər qoruyub saxlayan ən böyük bayram isə Novruzdur.
   Novruz dünyaya baharın gəlişi, daha dəqiq desək, Yer kürəsinin şimal yarımkürəsində astronomik yazın başlanması münasibətilə bir sıra ölkələrdə qeyd olunur. Xalqımız da tarixən yaz fəslinin gəlməsini, təbiətin canlanmasını, gecə-gündüz bərabərliyini, yeni astronomik günəş ilinin (hicri-şəmsi) başlanmasını el şənlikləri ilə qeyd edib.
   2009-cu ildə Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, 2010-cu ildə BMT Baş Assambleyasının 21 martı Beynəlxalq Novruz Günü elan etməsi bu bayramın beynəlxalq miqyasda daha da geniş tanınmasına zəmin oldu. Novruz öz milli koloritinə görə dünyada kütləvi şəkildə qeyd olunan heç bir beynəlxalq bayramdan, karnaval və mərasimdən geri qalmır. Bu səbəbdən də Novruzun həm də ölkəmizə turist cəlb etmək üçün təbliği önəm kəsb edir.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı hazırlanan Tədbirlər Planında Novruzun yüksək səviyyədə qeyd olunması ilə bağlı məsələlər də əksini tapıb: “Son illər Novruz bayramı dövlət səviyyəsində xüsusi təmtəraqla qeyd olunur. Bununla yanaşı, UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilən, BMT tərəfindən tanınan Novruzun dünyada təbliğinə önəm veririk. Məsələn, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində Novruz bayramının turizm məhsulu kimi tanınması məsələsini qaldırmışıq. Novruz günlərində Azərbaycana bir sıra ölkələrdən, xüsusilə qonşu İrandan çoxlu turistlər gəlir. Həm öz vətəndaşlarımız, həm də qonaqlar arasında bayramı bölgələrimizdə də keçirmək istəyənlər olur. Bunu nəzərə alaraq, rayonlara Novruz turları təşkil etməyi turizm şirkətlərinə tövsiyə etmişik. Bu həm də turistlər üçün maraqlı və rəngarəng proqramdır».
   Sektor müdiri deyir ki, bu il də Bakı şəhərində Milli Parkda Novruz bayramı təntənəli şəkildə keçiriləcək: «Bu bayrama daha çox insanların cəlb olunması Azərbaycanın mədəni dəyərlərinin təşviqi deməkdir, ölkəmizin turizm potensialının tanıtdırılması yönündə atılan addımdır. Bunları nəzərə alaraq, ECO çərçivəsində regional Novruz turu marşrutları təşkil etmək istəyirik. Çünki İranda və ECO üzvü olan digər ölkələrdə (Mərkəzi Asiya, Türkiyə, Əfqanıstan) də bu bayram yüksək səviyyədə qeyd olunur. Bu səbəbdən qarşılıqlı Novruz turları təşkil etmək istəyirik: məsələn, İrandan Azərbaycana, Azərbaycandan İrana, İrandan Türkiyəyə, Türkiyədən Azərbaycana və s. İstəyimiz də odur ki, bu bayramı daha çox tanıdaq və Azərbaycana turist cəlb etmək üçün bir vasitəyə çevirək».
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar