Rusiya Milli Kitabxanasında dahi Azərbaycan şairinə həsr olunmuş sərgi

 

Xəbər verdiyimiz kimi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Rusiyanın Sankt-Peterburq şəhərində müxtəlif tədbirlər keçirilib. Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti tədbirlərdə iştirak edib. Səfər çərçivəsində öncə Dövlət Ermitajında görüş və dahi şairin yubiley tədbiri gerçəkləşib.

Oktyabrın 20-də isə Azərbaycan nümayəndə heyəti ilə Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin müavini Nikolay Bondarenko arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərində, o cümlədən mədəniyyət sahəsində inkişafından söz açılıb. Xalqlararası mədəni təbliğatın təşviqi, qarşılıqlı mədəni tədbirlərin təşkili istiqamətində fikir mübadiləsi aparılıb, gələcək mədəniyyət layihələri müzakirə olunub.

Sevda Məmmədəliyeva 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada dahi Azərbaycan şairi və mütəfəkkirinə həsr olunan tədbirlərin əhəmiyyətini qeyd edib. Nazir müavini Rusiya Milli Kitabxanasında Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş sərgi və konsertin təşkil edilməsini böyük şairin yubileyinə dəyərli töhfə kimi səciyyələndirib.

Söhbət zamanı Sankt-Peterburq şəhərində yerləşən muzeylərlə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, mədəni irs sahəsində əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.

Sonra Rusiya Milli Kitabxanasında Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğu və kitabxananın təşkilatçılığı ilə incəsənət xadimlərimiz – Teyyub Aslanov (xanəndə), Əliağa Sədiyev (tarzən), Elnur Mikayılov (kamança), Kamran Kərimov (nağara), Mircavid Cəfərov (ud) və Vurğun Vəkilovun (piano) iştirakı ilə Nizami Gəncəvinin sözləri əsasında konsert proqramı təqdim olunub.

Daha sonra kitabxanada “Nizaminin sözünü hiss et” adlı sərginin açılışı keçirilib. Tədbirdə çıxış edən kitabxananın direktoru Vladimir Qronski dahi Azərbaycan şairinin parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığını deyib. O, Nizami Gəncəvinin 880 illiyinin şairin əsərlərinin sərgiləndiyi Rusiya Milli Kitabxanasında qeyd olmasını əlamətdar hadisə adlandırıb.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Nizami Gəncəvinin beş məsnəvi-poemadan ibarət “Xəmsə”si ilə həm müasirləri, həm də ondan sonra bu növdə əsər yazan bir çox şairə öncüllük etdiyini, dahi şairin Rusiyanın kitabxana və muzeylərini bəzəyən əsərlərinin Şərq miniatür sənətinin inkişafına da təkan verdiyini qeyd edib.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə Nizami Gəncəvi əsərlərinə müxtəlif dövrlərdə çəkilmiş illüstrasiya ənənəsini özündə əks etdirən nəşrlər yer alıb.