Turizm şirkətləri maraqlı turlar təklif edir
   
   Tarixi çox qədimlərə söykənən zəngin ənənəli Novruz yurdumuza qədəm qoyur. İndi hər kəsi bayramı harada və necə keçirmək düşündürür. Kimi Novruz bayramını öz evində, kimi regionlarımızda yerləşən istirahət məkanlarının birində, kimi isə xarici ölkələrdə qarşılamaq niyyətindədir. Biz də kiçik bir araşdırma apararaq turizm şirkətlərimizin vətəndaşlarımıza bu baxımdan hansı köməkliyi göstərəcəyini aydınlaşdırmağa çalışdıq. 
   
   «Bakı Tur» şirkətinin daxili turizm üzrə təlimatçısı Orxan Məmmədovun dediyinə görə, bu il Novruz bayramı ilə əlaqədar şirkət tərəfindən üç qrup üzrə daxili turlar nəzərdə tutulur. Turların hamısı «Bakı-Qəbələ-Şəki-Bakı» marşrutu üzrə iki gecə, üç gün müddətində gerçəkləşdiriləcək. Turpaketin bir nəfər üçün qiyməti 110-120 manatdır. Buraya Qəbələ şəhərinə gəliş və «Karvan» hoteldə yerləşmə, Qəbələ şəhərindəki «Luna Park»a, Şəki şəhərinə, rayonun tarix-diyarşünaslıq muzeyinə, Xan sarayına ekskursiya və üç gün ərzində səhər, günorta və şam yeməkləri daxildir.
   «Bakı-tur» şirkəti dünyanın bir çox ölkələrinə, o cümlədən Türkiyəyə, Dubaya, Tailanda və Avropa ölkələrinə də Novruz bayramı ilə bağlı turlar təklif edir. Şirkətin turizm şöbəsinin müdiri Zaur Əliyevin sözlərinə görə, 20-28 mart tarixlərində gerçəkləşdiriləcək turlar bir nəfər üçün İstanbula 140 manatdan, Dubaya 185 manatdan, Praqaya 270 manatdan və s. başlayır. Şirkət təmsilçisi bildirdi ki, bu qiymətlər sadəcə hotellərdə yerləşdirmə üçün nəzərdə tutulur. Nəqliyyat və yemək xərcləri əlavə ödənəcək.
   «Sputnik travel» turizm şirkəti qonşu Gürcüstana maraqlı Novruz turu təşkil edib. Şirkətin rəhbəri İlqar Mustafayev deyir ki, 5 gün 4 gecə müddəti üçün nəzərdə tutulan tur əsasən xarici turistlər üçün təşkil edilib və 19-25 mart tarixlərində baş tutacaq. Turpaketin qiyməti 299 manatdır. Buraya hoteldə qalma, səhər yeməyi, turun davam etdiyi günlər ərzində 3 dəfə banket qonaqlığı, bələdçilər tərəfindən keçilən marşrutlar üzrə ətraflı məlumatlandırma, ekskursiya xidmətləri daxildir. Nəqliyyat qiymətləri bu məbləğə əlavə olunacaq.
   «Sputnik travel» turizm şirkəti tərəfindən təşkil edilən daha bir Novruz turu martın 19-dan 23-dək reallaşdırılacaq. 4 gecə 5 günlük turun qiyməti turistin qaldığı hotelin qiymətinə uyğun olaraq müəyyənləşdirilir və yalnız Bakı şəhəri daxilində olacaq.
   «R&R» turizm şirkətindən aldığımız məlumata görə, şirkət Novruz tətili ilə bağlı dünyanın bir çox ölkələrinə turlar təşkil edir. Dubaya turlar 350-500 manat arasındadır. Bu ölkədə 5 gün, 4 gecə dincəlmək istəyənlər müvafiq məbləği ödəməklə 3,4,5 ulduzlu hotelləri seçə bilərlər. Bütün xidmətlər, nəqliyyat, viza, sığorta, səhər yeməyi bu məbləğə daxildir. Şirkətin Gürcüstana təklif etdiyi turların qiyməti isə 350-400 manatdır. Bu qiymət təyyarə ilə getmək istəyənlər üçündür. Qatarla gediş isə turistə bir qədər ucuz - 270 manata başa gəlir. Gürcüstana təklif edilən turların qiymətinə bütün xərclər, müxtəlif əyləncələr və gündə üç dəfə yemək daxildir.
   «Queen-s Travel» şirkətinin Novruz tətili ilə bağlı proqramı çox sıxdır. Amma şirkətin təşkil etdiyi bütün turlar xarici ölkələrə hesablanıb. «Queen-s Travel» dünyanın müxtəlif ölkələrinə tətil turları təklif edir, özü də müxtəlif qiymətlərə. Şirkətin satış üzrə meneceri Aytəkin Bağırovanın dediyinə görə, Milana və Parisə təşkil edilən turların qiyməti müvafiq olaraq 422 və 418 manatdan başlayır. Turun müddəti 7 gecə, 8 gün müəyyənləşdirilib. Bu qiymətlərə 3 ulduzlu hoteldə qalmaq, səhər yeməyi, ekskursiya xidmətləri daxil daxil olsa da, təyyarə bileti və vizanı almaq müştərinin öz öhdəsinə düşür. Tailanda turlar nisbətən bahadır. Bir nəfər üçün qiymətlər 1148 manatdan başlasa da, bu məbləğə bütün xidmətlər daxildir.
   Dubaya və İstanbula qiymətlər 179 və 140 manatdan başlayır, buraya yalnız gündə 2 dəfə yemək və 3 ulduzlu hoteldə qalmaq daxildir. Turun müddəti 4 gecə, 5 günür. Transfer və viza xərcləri yenə də müştərinin özünə aiddir. Gürcüstana 5 gecə, 6 günlük turların qiyməti isə 295 manatdır. Bütün xidmətlər, əyləncələr, hoteldə qalmaq, gündə 3 dəfə yemək bu məbləğin içərisindədir.
   Novruz bayramı ərəfəsində yerli istirahət məkanlarımızda təşkil ediləcək bayram proqramları və onların qiymətləri ilə də maraqlandıq. Bəri başdan qeyd edək ki, Yeni il ərəfəsində gur-gur guruldayan istirahət mərkəzlərinin əksəriyyətində Novruz münasibətilə hər hansı tədbirin nəzərdə tutulmadığını bildirdilər. Qəbələdəki «Atlant» və Zağulbadakı «Hill sight» istirahət mərkəzlərinin qəbul şöbəsindən bildirdilər ki, heç bir bayram şənliyi nəzərdə tutulmur.
   Novxanıda yerləşən “AF Hotel Aqua Park”da isə qiymətlər ötən ilkinə nisbətən bu il bir qədər ucuzdur. Hotelin ön büro müdiri Kəmalə Səfərovanın dediyinə görə, burada iki nəfər üçün nəzərdə tutulan bir otağın qiyməti 50 manat, dörd nəfərin yerləşə biləcəyi 3 otaq 120 manatdır. Dörd nəfərlik ikimərtəbəli kotteclər 120, 4 nəfərlik vip nömrələr isə 200 manatdır. Qeyd edək ki, bu qiymətlərə yalnız səhər yeməyi daxildir. K.Səfərova deyir ki, istirahət mərkəzində artıq bütün yerlər bronlaşdırılıb.
   «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyevin sözlərinə görə, Novruzla bağlı tədbirlərdə iştirak etmək üçün Bakıda fəaliyyət göstərən hotellərdə yerlər bir ay əvvəldən bronlaşdırılıb: «Bakı ərazisində kombinə edilmiş turlar təşkil edirik. Novruz bayramının qədim və gözəl ənənələri var. Bu da bizə daha cəlbedici proqramlar qurmağa və xarici qonaqlara Azərbaycanın ənənələrini, zəngin mətbəxini təqdim etməyə imkan verir. İştirak etdiyimiz beynəlxalq turizm sərgilərində sırf Novruzla bağlı 19-27 mart tarixlərini əhatə edən turpaketlər təşkil olunub. Postsovet məkanından, Avropa ölkələrindən, Türkiyədən, İrandan gələn turistlər üçün artıq proqramlar hazırlanıb. Məlum olduğu kimi, bu il də Azərbaycanın üç şəhəri (Şabran, Lənkəran, İsmayıllı) “Xalq Yaradıcılığı Paytaxtı” elan olunub. Bu şəhərlərə də Novruz turları təşkil etmək niyyətindəyik».
   
   F.Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar