Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin internet saytının (irs.gov.az) yeni versiyası istifadəyə verilib. Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində yenilənmiş saytın təqdimatı keçirildi.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli bildirdi ki, qurum ictimaiyyətin məlumatlandırılması və əlaqələrin daha operativ qurulması sahəsində əsas kommunikasiya vasitələrinin təkmilləşdirilməsini diqqət mərkəzində saxlayır. Yeni sayt həm Dövlət Xidmətinin rəsmi internet resursu, həm də ölkəmizin daşınmaz tarix-mədəniyyət abidələri ilə bağlı portal rolunu oynayacaq: “Yenilənmiş sayt həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub”.

Qeyd olundu ki, saytda naviqasiya rahatlığını təmin etmək üçün ən çox istifadə olunan bölmələr ümumi paneldə cəmləşdirilib: “Sayt “Google”un axtarış standartlarına əsasən hazırlanıb. Bu da axtarış sistemlərində əlaqəli olan açar sözlər axtarıldığı zaman saytdakı məlumatların istifadəçilər üçün ən ön sıralarda göstərilməsinə imkan yaradır. Saytın mobil versiyası da yaradılıb və yaxın günlərdə istifadəyə veriləcək”.

Azad Cəfərli işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı elektron məlumat bazası rolunu oynayacaq saytın da hazırlandığını, yaxın zamanda ictimaiyyətə təqdim ediləcəyini diqqətə çatdırdı.

Bildirildi ki, Dövlət Xidmətinin yeni saytında Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına götürülmüş tarix-mədəniyyət abidələri 3 əhəmiyyət dərəcəsinə bölünərək təsnif olunub. Bu bölgüyə uyğun olaraq tarixi abidələrin dünya, ölkə və yerli əhəmiyyət dərəcələri müəyyən edilib. Həmin əhəmiyyət dərəcələrinə uyğun bölmələr yaradılıb. Hər bölmədə yer alan tarixi abidələr haqqında geniş məlumatlar, xəritə üzərində koordinatlar, fotoşəkillər, abidədə aparılmış bərpa-konservasiya işləri haqqında informasiyalar öz əksini tapıb. Saytın xəritə bölməsində tarix-mədəniyyət abidələri Azərbaycan Respublikasının xəritəsi üzərində yerləşdiyi əraziyə uyğun əks olunub. Saytda Dövlət Xidmətinin tabeliyində 13 tarix-mədəniyyət qoruğu haqqında da məlumat yer alıb. Sonuncu tədbirlər bölməsində Dövlət Xidmətinin təşkil edəcəyi tədbirlər haqqında məlumatlar, elanlar yerləşdiriləcək.

Dövlət Xidmətinin regional idarələri haqqında məlumat verən Azad Cəfərli qeyd etdi ki, ölkə başçısının 2019-cu ildə imzaladığı fərmana əsasən, qurumun beş regional idarəsi yaradılıb. Hazırda Dövlət Xidmətinin Bakı, Gəncə, Şabran, Salyan və Qəbələ regional idarələri fəaliyyət göstərir. İdarələrin əməkdaşları və abidə mühafizəçiləri əsasən gənc və perspektivli kadrlardan təşkil olunub. Eyni zamanda Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri olan şəxslərin işə qəbul edilməsinə də xüsusi diqqət yetirilir. İlin əvvəlindən 25 nəfər müharibə iştirakçısı və ya onların ailə üzvü Dövlət Xidmətində müxtəlif vəzifələrdə işlə təmin edilib.

Təqdimatda Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan ilkin monitorinqlərin nəticələri barədə də məlumat verildi. Diqqətə çatdırıldı ki, həmin ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var. Onlardan 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidə, 17-si dekorativ-tətbiqi sənət nümunəsidir.

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında dövlət başçısının 29 oktyabr 2020-ci il tarixli fərmanının müvafiq bəndinin icrası məqsədilə Mədəniyyət Nazirliyinin nümayəndələri işğaldan azad olunmuş rayonlara ezam edilib və mədəniyyət obyektlərinin (abidə və müəssisələrin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı işlər həyata keçirilib. İndiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 385 tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 144 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb. Baxış keçirilən obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq vandalizmə məruz qaldığı aşkar edilib.

Vurğulandı ki, aparılan ilkin monitorinqlər zamanı ümumilikdə 864 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Monitorinqlərlə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonlarını əhatə edir.

Təqdimatdan sonra Dövlət Xidmətinin rəisi media nümayəndələrinin suallarını cavablandırdı. Diqqətə çatdırdı ki, tarixi-mədəni abidələrin qorunmasında dövlət strukturları ilə yanaşı, ictimaiyyət və media nümayəndələri fəallıq göstərməlidir.

LALƏ