Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsini həyata keçirir.

Oktyabrın 25-də YARAT Müasir İncəsənət Məkanında layihənin açılış mərasimi oldu. YARAT Müasir İncəsənət Məkanının koordinatoru Ülviyyə Axundova qonaqları salamlayaraq pandemiya səbəbindən uzun fasilədən sonra teatra həsr olunan belə bir layihəyə ev sahibliyi etməkdən məmnun olduqlarını bildirdi.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova çıxış edərək layihənin məqsədindən söz açdı. Diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyindəki islahatlar teatr sahəsini də əhatə edir: “Ölkəmizdə teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması yeni layihənin əsas məqsədini təşkil edir. Teatr idarəçiliyi, menecment bu gün prioritet məsələlərdəndir. Buna görə də həmyerlimiz, QİTİS-in İfaçılıq sənətləri üzrə prodüserlik və menecment kafedrasının müdiri Elşən Məmmədovla bu layihəyə başlamaq qərarına gəldik”.

Şöbə müdiri qeyd etdi ki, məşhur təhsil ocağının peşəkar pedaqoqları layihəyə cəlb olunub: “Bu laboratoriya nazirliyin strateji hədəflərə istiqamətlənmiş silsilə layihələrinin tərkib hissəsidir. Bu layihə QİTİS-lə əlaqələrdə yolun başlanğıcıdır. Müasir teatrın inkişafını prodüsersiz təsəvvür etmək mümkün deyil. Düşünürük ki, layihə uğurlu olacaq”.

Təşkilatçılara minnətdarlığını bildirən QİTİS-in kafedra müdiri Elşən Məmmədov Bakıda teatr təcrübələrini bölüşməkdən məmnunluğunu ifadə etdi. Laboratoriyada çalışacaq pedaqoqlar haqqında məlumat verən mütəxəssis dedi ki, teatr sahəsində prodüserlik bu gün ən aktual məsələlərdən biridir. Postsovet məkanı ölkələrdə teatr sahəsində inkişaf və yenilikləri həyata keçirmək, teatr prodüserliyi sahəsində proqrama yiyələnmək bu sahənin inkişafı üçün ən vacib sahələrdən biridir.

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov mərkəzin layihədə iştirakından məmnunluğunu bildirdi. Diqqətə çatdırdı ki, QİTİS-də ödənişsiz olaraq təhsil almaq istəyən tələbələr 1 noyabr tarixinədək Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə müraciət edə bilərlər.

YARAT Müasir İncəsənət Məkanı İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Hökümə Kərimova təşkilatın fəaliyyət istiqamətləri, xüsusilə də reallaşdırılan mədəniyyət layihələri haqqında məlumat verdi. O, diqqəti ənənəvi olaraq keçirilən “Musiqi. İncəsənət. Performans” incəsənət festivalı çərçivəsində teatr layihələrinə yönəltdi.

Sonra laboratoriya çərçivəsində ilk iş günü başlandı.

Qeyd edək ki, oktyabrın 29-dək davam edəcək laboratoriyada teatr təhsili sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan QİTİS-in müasir teatr menecmenti və prodüserlik üzrə zəngin təcrübəyə malik pedaqoqları Elşən Məmmədov, Aleksandra Knyazeva və Yelena Simurzina ustad dərsi keçəcəklər.

Ustad dərsləri hərəsində 10 nəfər iştirakçı olmaqla üç qrupda gerçəkləşəcək. Hər qrup teatr layihəsi üzərində işləyəcək. Ustad dərslərinin sonunda hazırlanan layihələr iştirakçılar tərəfindən müdafiəyə təqdim ediləcək.

LALƏ