İllər sonra Türkiyəyə qaytarılıb
Vaxtilə qeyri-qanuni yollarla Türkiyədən çıxarılan, 4 min ildən çox yaşı olan qızıl kuzə İngiltərənin “Gilbert İncəsənət Fondu” (“Gilbert Trust for the Arts”) tərəfindən Ankaradakı Anadolu Mədəniyyətləri Muzeyinə qaytarılıb.
Kuzənin geri qaytarılması münasibətilə muzeydə mərasim keçirilib. Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, qızıl kuzə 1989-cu ildə sözügedən fondun təsisçisi Artur Gilbert tərəfindən alınıb. Amma onun bu əntiq əşyanın qeyri-qanuni mənşəyindən xəbəri olmayıb. O, əsəri qorunmaq üçün Londondakı Viktoriya və Albert Muzeyinə həvalə edib. Kuzə uzun illər bu muzeydə saxlanılsa da, heç vaxt ictimaiyyət qarşısında nümayiş etdirilməyib. Bir müddət sonra “Gilbert İncəsənət Fondu” kuzə ilə bağlı mənşə ekspertizası aparılmasını istəyib.
Ekspertiza kuzənin Türkiyədən qeyri-qanuni aparıldığını müəyyən edib. Artur Gilbert kuzəni 1989-cu ildə Los-Ancelesdə antikvar satıcısı olan Bryus Maknolldan 250 min dollara alıb. Maknoll kuzəni Sürixdə bərpaçı Frits Burkadan aldığını, onun isə İtaliyada məhkum edilmiş antik əşyalar satıcısı Cakomo Medici ilə əlaqəli olduğunu söyləyib.
Ekspertiza rəyi elan olunandan sonra qədim kuzə “Gilbert İncəsənət Fondu”na, oradan da Türkiyəyə qaytarılıb.
CAVİD