İtaliyanın “Böyük iyirmiliyə” (G20) sədrliyi çərçivəsində oktyabrın 30-31-də Romada G20 Sammiti keçiriləcək. COVİD-19 pandemiyası səbəbindən 2 illik fasilədən sonra ilk dəfə liderlərin üz-üzə müzakirələr aparacağı sammitdə çoxtərəflilik, bərabərlik və səhiyyə xidmətlərinə əlçatanlıq, gələcək şoklara qarşı dayanıqlılığın artırılması kimi mövzuların nəzərdən keçirilməsi gözlənilir.

G20 liderləri birinci sessiyada “Dünya iqtisadiyyatı və qlobal səhiyyə” mövzusunu müzakirə edəcəklər. Sammitdə “İqlim dəyişikliyi və ətraf mühit” və “Dayanıqlı inkişaf” adlı sessiyalar da keçiriləcək.

G20 dövlətləri sırasında yer alan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da sammitə qatılacaq. Almaniya Kansleri Angela Merkel bu toplantıda ölkəsini sonuncu dəfə təmsil edəcək. Rusiya, Yaponiya, Çin rəhbərlərinin sammitə videokonfrans vasitəsilə qoşulacağı bildirilir. Toplantıda BMT və digər beynəlxalq təşkilatlar da təmsil olunacaq.

2020-ci il dekabrın 1-də G20-yə sədrlik Səudiyyə Ərəbistanından İtaliyaya keçib. Bu sammitdən sonra İtaliya sədrliyi İndoneziyaya təhvil verəcək.

“Böyük iyirmilik” ölkələri dünya iqtisadiyyatının 80 faizini, qlobal ticarətin 75 faizini və dünya əhalisinin 60 faizini əhatə edir. G20 formatı 1999-cu ildə maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin məsləhətləşmələri üçün yaradılıb, 2008-ci ildən isə dövlət və hökumət başçılarını bir araya gətirir. İlk sammit Vaşinqtonda keçirilib.

2014-cü ildən G20 sammitini qəbul edən ölkə “G20 İnterfaith Forum” – Konfessiyalararası Foruma da ev sahibliyi edir. Bu il sentyabrın 12-14-də Bolonya şəhərində gerçəkləşən G20 Konfessiyalararası Forumuna Azərbaycan nümayəndə heyəti də qatılmışdı. Mədəniyyət naziri Anar Kərimov Forumun “Təhsil və dini müxtəliflik” mövzusunda sessiyasında çıxış etmişdi.