Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov və nazirliyin Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri İsmayıl Əbdüləzimov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova ilə görüşüblər.

Görüşdə universitetin prorektoru, professor Gülşən Əliyeva, kafedra müdiri, Əməkdar artist Azad Şükürov, Xalq artisti Vidadi Həsənov da iştirak ediblər.

Görüşdə tədbirlərin, layihələrin həyata keçirilməsi üçün Mədəniyyət Nazirliyi və Mədəniyyət və İncəsənət Universitetinin struktur bölmələri, tabe təşkilatları ilə əməkdaşlıq edilməsi qərara alınıb. Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə ADMİU-nun birgə fəaliyyətinin möhkəm zəmin üzərində qurulması məqsədilə əməkdaşlıq müqaviləsinin imzalanması məsələsi müzakirə olunub.

Eyni zamanda 15-20 nəfərdən ibarət könüllülərin İctimai Şuranın fəaliyyətinə cəlb edilməsi və İctimai Şura üzvlərinin universitetin keçirdiyi tədbirlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.