Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə noyabrın 2-dən 5-dək “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı keçiriləcək. Festival 2020-ci ilin Vətən müharibəsində şanlı Qələbəmizin ildönümünə həsr olunub.

Teatr Xadimləri İttifaqından bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlığı, qalib Azərbaycanıın tarixində əbədi qalacaq Zəfərə doğru gedən şərəfli yolu əks etdirən dramaturji nümunələrin sayını artırmaq, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdır.

Festivalda münsiflər heyəti tərəfindən seçilən tamaşalar nümayiş oynanılacaq və qaliblər mükafatlandırılacaq.

Festivalın açılışı noyabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Tamaşalar Akademik Milli Dram Teatrının kiçik səhnəsində və Teatr Xadimləri İttifaqında nümayiş olunacaq.

Bağlanış və mükafatlandırma mərasimi 5 noyabrda Teatr Xadimləri İttifaqında keçiriləcək.