Oktyabrın 28-də “Azərkitab” Kitab Mərkəzində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores və gənc rəssam Arzu Əhmədlinin "İncəsənət sərhəd tanımır" adlı birgə foto-rəsm sərgisinin açılışı keçirildi.

Tədbirdə Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri iştirak edirdilər. Sərginin təşkilatçısı Rəssamlar İttifaqının üzvləri Aygün İsgəndərova, layihə rəhbəri isə Elnurə İsgəndərovadır.

Tədbiri Elnurə İsgəndərova açaraq layihə haqqında məlumat verdi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva xalqlar arasında mədəni əlaqələrin rolu haqqında danışdı. Bildirdi ki, Meksika səfirinin çəkdiyi fotolarda onun Azərbaycana münasibətini, sevgisini görürük. O, diplomata xitab edərək dedi: “Əgər siz Azərbaycanı belə gözəlliklərlə fotolara köçürmüsünüzsə, demək ki, ölkəmiz sizin qəlbinizə də belə köçüb. Biz bugünkü sərgini həm də sizin tərəfinizdən istedadlı bir gənc rəssama verilən dəstək kimi görürük. Doğurdan da, sənət, mədəniyyət körpüləri çox güclüdür”.

Fikirlərini Azərbaycan dilində bölüşən səfir Xuan Rodrigo Labardini Flores bildirdi ki, iki ölkə arasında geniş mədəni və dostluq münasibətləri mövcuddur və bu mədəni hadisə əlaqələrin daha da genişlənməsinə böyük töhfə olacaq: "İncəsənət sərhəd tanımır. Biz bir-birimizdən öyrənir, inkişaf edirik. Mən bir müddətdir ki, Azərbaycanda yaşayıram və ölkənizi seyr edirəm. Siz bu fotoşəkillərdə şəhərinizi, küçələrinizi görəcəksiniz. Ümid edirəm ki, sərginin davamı gələcək".

Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi, meksikalı diplomat həmkarı kimi foto sənəti ilə də məşğul olan və ölkəmizlə bağlı ecazkar fotolar çəkən Mustafa Kemal Beyazbayram çıxış edərək Azərbaycana olan sevgisindən bəhs etdi, belə maraqlı sərgiyə görə təşkilatçılara minnətdarlığını bildirdi.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Azərkitab" Kitab Mərkəzinin layihə rəhbəri Sabir Həsənov, Milli Qəhrəman İbad Hüseynli, gənc rəssam Arzu Əhmədlinin atası Rövşən Əhmədov çıxış edərək sərginin əhəmiyyətini qeyd etdilər.

Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə Xuan Rodrigo Labardini Floresin Azərbaycanın və Meksikanın görməli yerləri və memarlıq abidələri ilə bağlı çəkdiyi 20 foto, Arzu Əhmədlinin 10 rəsm əsəri nümayiş olunurdu.

Qonaqlar Meksika mətbəxi təamlarının dadına baxdılar, kamança ifaçısı Şəhriyar Musayevin rəngarəng ifalarını dinlədilər.

Lalə AZƏRİ