Oktyabrın 31-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Qızıl toy” (O.Kazımi və R.Heydər) ikihissəli musiqili komediyası 50-ci dəfə tamaşaçıların görüşünə gələcək.

2014-cü ildə səhnələşdirilən tamaşada uzun müddət əsas personajlardan birini – Qədir rolunu Xalq artisti Ramiz Məmmədov oynayıb. Əsərin budəfəki nümayişi də sənət yolu Akademik Musiqili Teatrla sıx bağlı olmuş tanınmış aktyorun 70 illik yubileyi münasibətilə təqdim olunacaq.

Tamaşadan öncə mərhum aktyorun həyat və yaradıcılığından söhbət açılacaq, teatrın səhnəsində canlandırdığı obrazlar yada salınacaq.

Səhnə əsərinin quruluşu mərhum rejissor Yusif Əkbərova məxsusdur. Maraqlı və süjet xətti olan tamaşada Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Gültac Əlili, Şaban Cəfərov, Yuliya Heydərova, Əliməmməd Novruzov, Eleanora Mustafayeva, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Elməddin Dadaşov və başqaları çıxış edirlər.

Ramiz Soltan oğlu Məmmədov 1951-cı sentyabrın 26-da anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) təhsil aldığı zamanlardan Musiqili Komediya Teatrına – indiki Akademik Musiqili Teatra dəvət olunub. Fəaliyyətə başladığı ilk günlərdən fitri istedadı, özünəməxsus aktyorluq məharəti ilə həm kollektivin, həm də tamaşaçıların böyük rəğbətini qazanıb. "Qaynana" tamaşasında Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Qəzetçi Rza, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazlarda çıxış edən Ramiz Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu hər zaman təsdiq edib.

Sənətkar 2001-ci ildə respublikanın Əməkdar artisti, 2013-cü ildə Xalq artisti fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.

Ramiz Məmmədov uzun sürən ağır xəstəlikdən sonra 2021-ci martın 21-də dünyasını dəyişib. Onun əziz xatirəsi tamaşaçıların, həmkarlarının qəlbində yaşayır.