29 Oktyabr – Cümhuriyyət Günü, Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünü ildönümü qardaş ölkədə təntənə ilə qeyd olunub. Milli bayram münasibətlə silsilə mərasimlər keçirilib.

Cümhuriyyət Günü bayram tədbirlərinə oktyabrın 28-də start verilib. Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankarada Paytaxt Milli Parkının (Başkent Millet Bahçesi) açılışı keçirilib.

Cümhuriyyət Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və digər dövlət rəsmiləri, partiya liderləri Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün əbədi məkanı olan Anıtqəbri ziyarət ediblər.

Prezident Ərdoğan milli bayram münasibətilə ölkə ictimaiyyətinə videomüraciətində Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkü ehtiramla yad edib. Türkiyə Cümhuriyyətinin son illərdə keçdiyi inkişaf yolundan, o cümlədən regionda sülh və təhlükəsizlik naminə fəaliyyətdən bəhs edən Prezident Ərdoğan Azərbaycanın işğal altında olan torpaqlarını düşməndən azad etmək üçün apardığı haqlı mübarizəyə Türkiyənin göstərdiyi qardaşlıq dəstəyini xatırladaraq deyib ki, azərbaycanlı qardaşlarımız 30 ilə yaxın işğalın ardından öz torpaqlarına qovuşdu.

Prezident Rəcəb Tayyib Ərdoğan “Cümhuriyyəti quran və yaşadan qadınlar” proqramında da çıxış edib. Dövlət başçısı türk qadının qəhrəmanlığından və mübarizliyindən söz açıb.

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümü münasibətilə İstanbulun Taksim meydanında inşa edilən Atatürk Mədəniyyət Mərkəzinin (Atatürk Kültür Mərkəzi – AKM) yeni binasının açılışı olub.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər, eləcə də bir sıra ölkələrin rəsmi şəxsləri iştirak ediblər. Mərasimə Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

Türkiyə Prezidenti Cümhuriyyət Günü münasibətilə iştirakçılara təbriklərini çatdırıb, başda böyük öndər Mustafa Kamal Atatürk olmaqla, Cümhuriyyətin yaranmasında xidmətləri olmuş hər kəsi ehtiramla yad edib. Ərdoğan AKM-nin  yeni binasının yeni Türkiyənin ən gözəl nümunələrindən biri olduğunu deyib.

İstanbulun rəmzlərindən birinə çevrilən AKM-də ilk nümayiş etdirilən səhnə əsəri “Memar Sinan” operası olub. Türk mədəniyyətinin tarixi simalarından biri, o cümlədən İstanbulda möhtəşəm tiklilərin müəllifi Memar Sinanın həyatından bəhs edən operanın bəstəkarı Hasan Uçarsu, yazıçı Halit Refiğin eyniadlı ssenarisi əsasında librettonun müəllifi Bertan Ronadır.

Hasan Uçarsunun bildirdiyinə görə, Türkiyə Prezidentinin təşəbbüsü və tapşırığı ilə AKM-nin yeni binasının açılışı üçün özəl olaraq yazılmış opera 16 aya ərsəyə gəlib. Onu da qeyd edək ki, AKM-nin köhnə binası sökülməzdən öncə onun səhnəsində son olaraq bəstəkar Hasan Uçarsunun musiqisi səslənmişdi.

AKM-nin köhnə binası 2018-ci ildə sökülüb, 2019-cu il fevralın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməli qoyulan mərkəz 30 min kvadratmetrlik ərazidə tikilib. Yeni binanın layihə müəllifi bundan əvvəlki AKM binasının memarı olmuş Murat Tabanlıoğlunun oğlu Hayati Tabanlıoğludur.

Mehparə SULTANOVA
Ankara