İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizin ildönümü münasibətilə “Köhnə çamadanlar” adlı yeni film çəkilir.
Müharibə və qadınlar mövzusunun ana xətt olaraq keçdiyi filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, təsvir rejissoru Şahmar Qəhrəmanov, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, prodüseri Tahir Əliyevdir. Layihənin rəhbəri Pərvinə İsmayılovadır.
Real hadisələr əsasında çəkilən filmin qəhrəmanları müharibənin həyatlarında ağrılı izlər buraxdığı insanlardır. Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, şəhid bacısı, şəhid yoldaşı xanımların, əsirlik zülmü yaşamış, qaçqın Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcək.
Süjetdə əsas etibarilə bu qadınların həyatının müəyyən dövrünü əhatə edən epizodlar əksini tapır. Ekran işi Birinci və İkinci Qarabağ müharibəsindəki hadisələri birləşdirən əsas xətt üzərində qurulub.
Əsas çəkilişləri başa çatan ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri – əlil və qazilər, həmçinin sağlamlıq imkanları məhdud həvəskar aktyorlar da rol alırlar.
Psixoloji dramda rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Zemfira Əbdüsəmədova, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev və başqaları ifa edirlər.
“Oyuq” teatr-studiyası yetirmələrinin də rol aldığı böyük heyətli filmin əsas kadrları Bakı, Astara, Lənkəran və Xızıda lentə alınıb. Film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "OYUN" inklüziv teatrının birgə layihəsidir.