Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir-sərgi

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində aşıq sənətimizin görkəmli nümayəndəsi, qüdrətli saz-söz ustadı Aşıq Ələsgərin (1821-1926)  200 illik yubileyinə həsr olunmuş sərgi-tədbir keçirildi.

Oktyabrın 29-da gerçəkləşən tədbirdə Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Prezident İlham Əliyevin Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamının əhəmiyyətini qeyd etdi. Bildirdi ki, sərəncama uyğun olaraq görkəmli sənətkarın həyat və yaradıcılığı ilə bağlı muzey əməkdaşları tərəfindən araşdırmalar aparılır, müxtəlif tədbirlər həyata keçirilir.

Direktor qeyd etdi ki, Aşıq Ələsgər çoxəsrlik Azərbaycan aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun verib. Xalq ruhunun ifadəsi olan əsərləri ilə aşıq poeziyasının zənginləşməsinə töhfələr bəxş edib. Sənətkarın poeziyası ana dilimizin saflığını, məna çalarlarını gözəl ifadə edən dəyərli söz yadigarıdır.

Muzeyin direktor müavini Təranə Zeynalova çıxış edərək muzeyin kolleksiyası əsasında hazırlanan sərgi haqqında məlumat verdi. Bildirdi ki, sərgidə Aşıq Ələsgərin həyat və yaradıcılığı barədə kitablar, əsərlərinin toplandığı və eləcə də haqqında yazılan kitab və məqalələr yer alıb.

Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aşıq Ələsgərin bənzərsiz sənətkarlığı və istedadından danışdı. Diqqətə çatdırdı ki, onun yaradıcılığı aşıq sənəti, aşıq poеziyası tarixində şərəfli yеr tutur. Ustad sənətkar qеyri-adi fitri qabiliyyəti sayəsində yaratdığı müxtəlif şəkilli, məzmunlu sənət inciləri ilə, ümumbəşəri didaktik fikirləri ilə bu müqəddəs sənətin zirvəsinə yüksəlib. Qüdrətli еl sənətkarının yaratdığı əsərlər aşıqlarımızın rеpеrtuarında geniş yеr tutub. El şənlik və məclislərinin bəzəyinə çеvrilib. Öz sazı və sözü ilə 80 ildən artıq xalqımıza ləyaqətlə xidmət edən sənətkar yaddaşlarda bir şair-aşıq kimi yox, həm də bir ocaq, bir övliya kimi hеykəlləşib.

Ustadın nəslinin nümayəndəsi, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin rəhbəri Xətai Ələsgərli tədbirin təşkilatçılarına və iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

Çıxışlardan sonra musiqi proqramı təqdim edildi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Aşıq sənəti kafedrasının müəllimi Fəzail Orucov (Miskinli), Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyasının şagirdi Vüsalə Quliyeva, AAB-nin üzvü Əfsanə Kərimli və İncəsənət gimnaziyası xorunun (Elmir Tağıyev, Ramal Abdullayev, Vüsalə Quliyeva, Rəvan Musalı) ifalarında “Dilqəmi”, “Xəbərin varmı?”, “Naxçıvanı”, “Şirvan şikəstəsi”, “Dolanır” saz havaları səsləndi. Çıxışlar alqışlarla qarşılandı. 

Konsert proqramından sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.

SAVALAN