Pandemiyanın incəsənət aləmində yaratdığı uzun və cansıxıcı susqun rejim pozuldu. Bu dəfə ümumən teatr, səhnə sənəti üçün yeni canlanma ola biləcək festival ilə.

Noyabrın 1-də Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə “4.4” Qısa Tamaşalar Festivalı başlandı. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında açılışı baş tutan festival maraqlı proqramı və səhnə nümunələri ilə seçilməyə də iddialı görünür.

Mayasında Vətənə məhəbbət və bu amal uğrunda mübarizənin səhnədən mənzərəsini, teatr estetikasında təzahürünü nəzərdə tutan layihənin açılışından öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Festivalın direktoru – Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq doktoru Elçin Cəfərov çıxış edərək 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizə həsr olunan layihə haqqında məlumat verdi.

Bildirildi ki, beş gün davam edəcək festivalın proqramına Bakı ilə yanaşı, ölkəmizin 8 şəhərində fəaliyyət göstərən 11 dövlət, 6 özəl teatr, 5 müstəqil sənətçi tərəfindən təqdim olunmuş 22 tamaşa daxil edilib. Xronometrajı 15 dəqiqədən çox olmayan qısa tamaşaların videoformatda nümayişindən sonra hər gün peşəkar münsiflərin və yaradıcı heyətin iştirakı ilə müzakirələrin təşkil olunacağı da diqqətə çatdırıldı.

Festivalın münsiflər heyətinə tanınmış sənət adamlarının cəlb olunduğunu deyən Elçin Cəfərov layihənin yeni teatr formalarına da təkan verəcəyinə inamını ifadə etdi. Qeyd edildi ki, festival çərçivəsində həmçinin, teatr mütəxəssislərinin iştirakı ilə “Bədən dili” və “Pyes necə yazmalıdır?” mövzularında vörkşop, “Müharibə və teatr” mövzusunda panel müzakirələr də nəzərdə tutulub.

Sonra festivalın münsifləri – teatrşünas alimlər İsrafil İsrafilov, Aydın Talıbzadə, dramaturq Əli Əmirli, rejissor Mehriban Ələkbərzadə, aktyor Pərviz Məmmədrzayev iştirakçılara təqdim edildi.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova çıxış edərək festivalın işinə uğurlar arzuladı. Bu kimi tədbirlərin uzun fasilədən sonra fəaliyyətini bərpa edən teatrların işinə və ümumilikdə teatr prosesinə müsbət təsir göstərəcəyi vurğulandı. Mədəniyyət Nazirliyi olaraq teatr ilə bağlı layihələrə dəstək verməyə çalışdıqlarını deyən şöbə müdiri bu festivalın ənənə halını alacağına inandığını bildirdi.

Festivalın layihə rəhbəri Vidadi Qafarov, kreativ-direktoru Emin Əliyev də proqram, layihəyə maraq göstərən sənət ocaqları barədə danışdılar. Bəzi təqdimatların texniki baxımdan standartlara cavab vermədiyini və buna görə də ideya və mövzu tələblərinə uyğun və qismən texniki baxımdan şərtlərlə ayaqlaşa bilən işləri nümayişə çıxardıqlarını dedilər.

Çıxışlardan sonra Akademik Musiqili Teatrın kiçik səhnəsində quraşdırılan böyük ekranda festival iştirakçılarının, Vətən və vətənpərvərlik hissinə teatr estetikasında və vizual dildə baxmağa çalışan rejissorların işlərinin nümayişi başlandı. İlk gün 5 tamaşanın nümayişi və müzakirəsi keçildi.

Festivalın açılışını ev sahibləri – Akademik Musiqili Teatrın təmsilçiləri etdilər. Müəllif və rejissor Zaur Əliyevin “44” tamaşası nümayiş olundu.

Ardınca “İki əsgər”in (müəllif Günay Arda, rejissor Sevda Məmmədova) dialoqunu izlədik. Sonra növbə “Müharibənin qadın üzü yoxdur” deyənlərə (Akademik Milli Dram Teatrı, rejissor Emil Əsgərov) keçdi.

Sumqayıt Dövlət Dram Teatrının “Missiya” (müəllif Hafiz Ataxanlı, rejissor Firudin Məhərrəmov) və “Teatral” studiyasının “Qoruq” (müəlliflər Səbinə Məmmədova, Mirvüqar Nəsirov, rejissor Tural Baxış) tamaşaları da təqdim edildi.

Tamaşaların video formatda nümayişindən sonra münsiflərin və tamaşaların yaradıcı heyətinin iştirakı ilə maraqlı, bir az da emosional təhlil xarakterli müzakirə keçirildi. Münsiflər heyətinin sədri – Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov, münsiflər – Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Xalq artisti Pərviz Məmmədrzayev tamaşalar barəsində fikirlərini səsləndirdilər. Tənqidi analizlərində texniki çatışmazlıqlardan çox ideyanın qısa və məhdud zaman və məkanda həlli üsullarına diqqət çəkdilər.

Festivalın ikinci günü də maraqlı səhnə təqdimatları ilə yadda qaldı. “HUMAN” teatrı “Storyboard” (müəllif Abdulla Elşadlı, rejissorlar Elvin Rüstəmzadə, Abdulla Elşadlı), Dövlət Gənc Tamaşaçılar Teatrı “Zəfər yolu”nu (müəllif və rejissor İsa Əsədov) nümayiş etdirdilər.

Samir Qulamovun müəllif və rejissor işi olan “Bir nəfəs qədər” (Akademik Musiqili Teatr) günün üçüncü nümayişi idi.

Festivala bölgə teatrlarının da maraq göstərdiyini demişdik. Füzuli Dövlət Dram Teatrının “Dönüş”ü (müəllif və rejissor Nicat Mirzəzadə) və Şamaxı teatrının “Ocaq”ı (müəllif və rejissor Ruslan Adıgözəlov) bölgələrin teatr mənzərəsini təsvir üçün yaxşı seçilmişdi.

Festivalın növbəti iki günündə (3–4 noyabr) ümumilikdə 12 tamaşa təqdim olunacaq.

Qeyd edək ki, noyabrın 5-də başa çatacaq “4.4” Qısa Tamaşalar Festivalında münsiflər heyətinin qərarı ilə ilk 3 yerə layiq görülmüş tamaşalara müvafiq olaraq 1500, 1000, 750 manat həcmində pul mükafatları və diplomlar, birinci yerin qalibinə, həmçinin  “Dəfnə” mükafatı təqdim ediləcək.

Həmidə NİZAMİQIZI

P.S. Festival tamaşaları haqqında daha ətraflı yazı qəzetimizin növbəti sayında...