Vətən müharibəsində şanlı Qələbəmizin ildönümü, 8 Noyabr – Zəfər Günü şərəfinə təşkil olunan mədəniyyət tədbirləri sırasına biri də qoşuldu.
Noyabrın 2-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Teatr Xadimləri İttifaqının təşkil etdiyi “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı işə başladı.
Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində təqdim olunan festivalın ilk tamaşası – “İnanıram” adlı monosəhnə performansı şəhid analarının iztirabının bir aktrisanın ifasında təsirli və emosional səhnə nümayişi idi.
Ülviyyə Heydərovanın müəllifi olduğu əsər əsasında Akademik Milli Dram Teatrının quruluşçu rejissoru Emil Əsgərovun hazırladığı tamaşa oğlunu müharibədə itirmiş ananın hiss və həyəcanlarının ifadəsidir. Mədəniyyət xadimlərinin, teatr ictimaiyyəti təmsilçilərinin izlədikləri tamaşada Vətən üçün canını verən qəhrəmanlar yetişdirən, mətanətli və güclü ana, şərəfli şəhid anası obrazı təqdim olunur.
Tamaşanın nümayişindən sonra çıxış edən Xalq artisti, Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov festivalın başlaması münasibətilə sənətsevərləri təbrik etdi. Bildirdi ki, pandemiyanın səbəb olduğu uzunmüddətli məhdudiyyətlər və teatr təmsilçilərinin teatrdan, səhnədən uzaq düşdüyü dönəmin, nəhayət, festivallarla, premyeralarla əvəzlənməsi sevinc hissi doğurur. Şanlı Qələbənin ildönümü münasibətilə xalqımızı təbrik edən sənətkar vurğuladı ki, azad və bütöv Azərbaycanda yaşamaq böyük səadətdir və buna görə Ali Baş Komandan və müzəffər Azərbaycan Ordusuna minnətdarıq.
Qeyd edək ki, noyabrın 5-dək davam edəcək festivalın proqramına 4 tamaşa daxildir. Sənətsevərlər Bakı Uşaq və Gənclər Teatrının “Cənnətə bilet” (müəllif və rejissor İlhamə Əhmədova), “Xoşbəxtliyin dəyəri” (müstəqil layihə kimi Sahib Məmmədov və Raulya Türkkanın işi) və Qusar Ləzgi Dram Teatrının “Çingiz dastanı” (müəllif Abdulla Qurbani, rejissor Faiq Qardaşov) tamaşalarını da izləyə biləcəklər.
Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində oynanılacaq tamaşaları teatr mütəxəssislərindən ibarət münsiflər heyəti dəyərləndirəcək.
Həmidə RÜSTƏMOVA