Dünyanın 1 nömrəli opera teatrında yeni mövsümün ilk tamaşasına biletlər bir neçə saat ərzində satılıb. Milandakı La Skala Teatrı bilet satışını elan edəndən sonra cəmi üç saat içində təkcə balkondakı “ucuz” yerlərə (120-420 avro) deyil, həm də 3000 avro qiyməti olan ən bahalı yerlərə biletlər də alınıb.

Ənənəyə görə, La Skalada mövsüm dekabrın 7-də, Milan şəhərinin hamisinin şərəfinə qeyd olunan “Müqəddəs Amvrosi günü”ndə  başlayacaq.

Həmin gün teatrın baş dirijoru Rikkardo Şayinin rəhbərliyi altında C.Verdinin “Makbet” operası oynanılacaq. Əsas partiyaları dünya opera sənətinin ulduzları Anna Netrebko və Luka Salsi ifa edəcəklər.

“Makbet” mövsümün ən bahalı və sanballı tamaşası hesab edilir. Qeyd edək ki, ötən il pandemiya üzündən La Skalada mövsüm opera artistlərinin “Rai 1” telekanalında canlı yayım konsertləri ilə əvəz olunmuşdu.

GÜLCAHAN