Yeni yaranan “Səhnə” teatrı Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin motivləri əsasında hazırladığı “Bir dəfə Qarabağda” tamaşasının premyerasını keçirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim olunan tamaşa etno-müzikl janrında hazırlanıb. Premyerada teatr tənqidçiləri, sənətsevərlər iştirak ediblər. Tamaşa maraqla qarşılanıb.
Səhnə əsərinin rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi Eminquey Akifdir. Rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandırıblar.
Tamaşadakı musiqiləri qədim milli musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblı ifa edib. Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.