“İRS” silsiləsindən Qarabağa həsr olunan nəşrlərin təqdimatı
Noyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində “Qarabağın qara kitabı” və “Qarabağ – Qələbəyə doğru” kitablarının təqdimat mərasimi keçirildi.
Tədbirdən əvvəl torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov qarşıdan gələn Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Qarabağda aparılan bərpa-quruculuq işlərindən söz açan nazir diqqətə çatdırdı ki, hazırda xalqımız tariximizin ən şərəfli günlərini yaşayır: “Artıq 30 il həsrətdən sonra torpaqlarımız, Qarabağımız, mədəniyyətimizin beşiyi Şuşamız azaddır. Bütün dünyaya bəyan edirik ki, bu torpaqların əsl sahibləri bizik. Hazırda Qarabağa mədəniyyətimizi, ruhumuzu, milli kimliyimizi qaytarmaq istiqamətində böyük işlər görülür. İşğaldan azad olunmuş ərazilərdə həyat canlanır. Bu gün təqdim edilən nəşrlərdən əlavə Mədəniyyət Nazirliyinin digər önəmli layihəsi də “Qarabağa kitabla gedək” aksiyasıdır. Bununla dünyaya göstəririk ki, azad Qarabağa mədəniyyətlə, kitabla qayıdırıq. Bu kitablar vasitəsilə dünya Ermənistanın işğal dövründəki qeyri-qanuni əməllərindən, cinayətlərindən xəbərdar olacaq. Bu gün təqdim olunan Azərbaycan, ingilis və rus dillərində kitablar da məhz bu məqsədə xidmət edir. Ermənilər işğal dövründə tarixi torpaqlarımızdan Azərbaycanın mədəni izlərinin silinməsinə çalışıblar. Bu, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Bu layihələri həyata keçirməkdə məqsədimiz erməni vəhşiliklərini dünyaya çatdırmaqdır. Mədəniyyət Nazirliyi olaraq belə təşəbbüslərə daim dəstək oluruq”.
“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı çıxış edərək vurğuladı ki, nəfis tərtibatı və yüksək bədii-estetik görünüşü ilə diqqəti cəlb edən kitablarda Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, işğal nəticəsində mədəni irs nümunələrimizin dağıdılması və vandalizmə məruz qalmasından geniş bəhs olunur. Yeni nəşrlərdə Vətən müharibəsi, Zəfərə aparan yol və doğma torpaqlarımıza yenidən həyatın qaytarılması istiqamətində görülən işlər də öz əksini tapıb. Bildirildi ki, yeni nəşrlər Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC, “Azərbaycan Hava Yolları” QSC və “İRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İRS” silsiləsi çərçivəsində ərsəyə gəlib.
“Paşa Həyat Sığorta” ASC-nin İdarə heyətinin sədri Niyaz İsmayılov və “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev çıxış edərək yeni nəşrlərin ərsəyə gəlməsində əməyi keçən yaradıcı heyətə minnətdarlıqlarını ifadə etdilər. Vurğulandı ki, işğalçıların törətdikləri dağıntıları, vəhşilikləri və bütün həqiqəti dünya ictimaiyyəti bilməlidir. Bu gün də informasiya müharibəmiz davam edir.
Qeyd olundu ki, “İRS” layihəsi çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri” və s. kitablar işıq üzü görüb. “İRS” seriyasından nəşr olunan kitablar Azərbaycanın tarixi-mədəni zənginliyini müxtəlif dillərdə oxuculara tanıdır, təbliğ edir.
Çıxışlardan sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdi. Kompozisiyada Beynəlxalq Muğam Mərkəzi solistlərinin ifasında xalq mahnıları və təsniflər səsləndi. Tədbir “Qarabağ şikəstəsi”nin sədaları ilə yekunlaşdı.
Lalə AZƏRİ