Xalqını və millətini ürəkdən sevən, özünü sevdiyi peşəyə fəda edən insanlar nadir şəxsiyyətlərdən hesab edilirlər. Onlar öz peşələrinə o qədər vurğun olurlar ki, bu peşənin təbliği, tədqiqi ilə məşğul olmaqdan yorulmurlar. Belə şəxsiyyətlərdən biri, Azərbaycan turizminin ağsaqqalı, Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini və BDU-nun “Xarici ölkələrin coğrafiyası və turizm” kafedrasının müəllimi Sabir Rəhimovdur. 
   
   Sabir Hilal oğlu Rəhimov 1941-ci ilin aprelin 18-də Bakıda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra əvvəlcə Bakı Rabitə Texnikumunda televiziya texnikası üzrə radiotexnik ixtisasına yiyələnib, sonra Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. “Kür - Araz Su Tikinti” Baş İdarəsində mühəndis vəzifəsində çalışıb. Bakı şəhər komsomol təşkilatında, partiya komitəsində təlimatçı işləyib.
   Amma Sabir müəllimin ürəyində bir arzu, bir istək də qalmışdı, bu da onu tələbəlik illərindən çox maraqlandıran turizm sahəsi idi. Gənc yaşlarından idman turizmi ilə məşğul olmuş, 1963-cü ildə idman turizmi üzrə 1-ci Ümumittifaq çempionatında iştirak etmişdi. Gəncləri bu sahəyə cəlb etmək üçün Bakı turist idman klubunun əsası qoyularkən bu işdə fəallıq göstərir və 1963-1971-ci illərdə həmin klubun idarə heyətinin üzvü olur.
   Turizmin kütləviləşməsi üçün göstərdiyi səylərə görə S.Rəhimov 1977-ci ildə Respublika Turizm və Ekskursiyalar Şurasına sədr müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işgüzarlığı, təşkilati bacarığı ilə seçilir. 1981-1996-cı illərdə respublika İdman Turizmi Federasiyasının sədri, İdman Turizmi İttifaqının prezidenti kimi bu turizm növünün genişlənməsi üçün xeyli işlər görüb. Sabir müəllim Azərbaycan turizminin canlı ensiklopediyası, turizm tarixinin yorulmaz tədqiqatçısıdır.
   S.Rəhimovun bu sahədəki bilik və təcrübəsini nəzərə alan Bakı Dövlət Universitetinin rəhbərliyi 1998-ci ildə onu coğrafiya fakültəsinin “Xarici ölkələrin coğrafiyası və turizm” kafedrasında dərs demək üçün dəvət edib. Analoji təklif Azərbaycan Turizm İnstitutundan da edilib.
   Öz biliklərini gənclərlə həvəslə bölüşən Sabir müəllim ali məktəblərdə dərslik və dərs vəsaiti kimi istifadə edilən beş kitab və bir neçə fənn proqramını hazırlayıb. Bu nəşrlər içərisində “Turizm və onunla əlaqəli sahələrdə işlədilən termin və anlayışların izahlı lüğəti”, “Beynəlxalq turizmin coğrafiyası”, “Turizm-ekskursiya işinin təşkili” kitabları xüsusi yer tutur. S.Rəhimov mütəmadi olaraq mətbuat səhifələrində turizm mövzusunda maraqlı yazılarla çıxış edir.
   2007-ci ildə respublikanın sosial-ictimai həyatındakı xidmətlərinə görə ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub, 2010-cu ildə turizm tədrisinin inkişafına verdiyi şəxsi töhfəyə görə 1-ci Milli Turizm müsabiqəsinin mükafatına layiq görülüb.
   70 yaşını qeyd edən Sabir müəllimə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzu edirik.
   
   Cabir Məmmədov,
   BDU-nun professoru, Əməkdar müəllim
   Bahadur Bilalov,
   ATİ-nin kafedra müdiri, dosent






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar