Nəsimi irsinin görkəmli alman tədqiqatçısı Mixael Reyhard Hess noyabrın 5-də Milli Kitabxanada olub. Qonağa kitabxana haqqında geniş məlumat verilib.

Milli Kitabxananın direktor Kərim Tahirov alman tədqiqatçını səmimiyyətlə salamlayaraq onunla ilk tanışlığından danışıb: “İlk dəfə Frankfurt Beynəlxalq Kitab sərgisi zamanı Mixael Reyhard Hessin görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəlini Azərbaycan dilində söyləməsi mənim diqqətimi çəkdi”.

Mixael Reyhard Hess Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu bildirib. Qeyd edib ki, elmi fəaliyyəti zamanı bir çox Azərbaycan yazıçı və şairlərinin əsərlərini tədqiq edib. “Lakin İmadəddin Nəsimi yaradıcılığı, onun əsərlərinin dilinin axıcılığı, ahəngi, ritmi, rəngarəngliyi məni özünə daha çox cəlb edib”, - deyə o vurğulayıb.

Sonra qonaq kitabları haqqında K.Tahirova məlumat verərək 2020-ci ildə Qarabağa, Şuşaya aid nəşr edilən kitablarından danışıb.

Kərim Tahirov Milli Kitabxananın Zəfər Günü ərəfəsində “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” kitabını hazırlayaraq çap etdirdiyini bildirib. Qeyd edib ki, yeni nəşr Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiyadır. K.Tahirov kitabı Mixael Hessə hədiyyə edib.

M.Hess öz növbəsində müəllifi olduğu “Building the Eternal Country”, “Uiguren in Kasachstan”, “Profitabe Dying” və “Blatter aus dem Rosengarten” adlı kitabları Milli Kitabxanaya bağışlayıb.

Sonra Kərim Tahirov erməni işğalı dövründə şəhər və rayonlarımızdakı 975 kitabxananın dağıdıldığını diqqətə çatdıraraq bütün bu vəhşiliklər barədə məlumatların Milli Kitabxana tərəfindən UNESCO-ya, eləcə də beynəlxalq miqyasda nüfuzlu kitabxana təşkilatı olan İFLA-ya təqdim edildiyini deyib. Bildirib ki, İFLA-nın prezidenti Kristina Makenzi cavab məktubunda bu vəhşilikləri qınadığını vurğulayıb.

Direktor işğaldan azad olunmuş bölgələrdə yenidən qurulacaq kitabxanaların fondları üçün Milli Kitabxana və Mədəniyyət Nazirliyinin birgə başlatdığı “Qarabağa kitabla gedək” kampaniyası barədə də qonağa məlumat verib.

Sonda Kərim Tahirov M.Hessə Milli Kitabxanaya təqdim etdiyi kitablara görə minnətdarlığını bildirib və “Nizami Gəncəvi–880. Biblioqrafiya”, “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Salam Azerbaijan”, “Ancient and Beautiful Karabakh” (Azərbaycan və rus dillərində), “Magical Beauty Sheki” (Azərbaycan və rus dillərində) adlı kitabları da qonağa hədiyyə edib.