Xəbər verdiyimiz kimi, “Söz” layihəsinin (layihə rəhbəri Nigar Həsənzadə) təşəbbüsü ilə 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirmək məqsədilə “İgidlərin sözü” adlı layihə həyata keçirilib.

Noyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində “İgidlərin sözü” layihəsi təqdim olundu. Tədbirdə ictimaiyyət, mədəniyyət xadimlərii, layihə iştirakçılarının əsgər yoldaşları iştirak edirdilər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, pianoçu Murad Hüseynov “İthaf” əsərini ifa etdi. Kompozisiya 44 günlük Vətən müharibəsində həlak olan Azərbaycanın igid oğullarının xatirəsinə həsr olunub.

Sonra layihənin iştirakçıları – Vətən müharibəsinin qaziləri səhnəyə dəvət olundu. Onların hər biri haqında məlumat verilirdi. Diqqətə çatdırıldı ki, onların əksəriyyəti könüllü olaraq cəbhəyə gedib. Qazilər şeirlərini Vətənə, Qarabağın gözəlliyinə, döyüş yoldaşlarına, şəhidlərə həsr ediblər.

Çıxışlar zamanı ekranda “İgidlərin sözü” layihəsi iştirakçılarının döyüş yolundan bəhs edən fotoşəkillər və video kadrlar nümayiş etdirilirdi.

Vətən müharibəsi qaziləri Oğuz Alparslan, Səbuhi Qurbanov, Emin Piri, Nicat Ağayev, Orxan Səlifov, Eyvaz Əyyub, Cavid Əlioğlu, Kərəm Aydın, Həsən Kür, Miri Abdullayev, Elvin İntiqamoğlu döyüşlər zamanı qələmə alqıdları şeirləri söylədilər. Onların poetik duyğuları ifadə olunduqca zalda əyləşənlərin gözlərindən yaş süzülürdü... Bu, qürur göz yaşları, igidlərin şücaətinə görə minnətdarlıq hissləri idii...

Daha sonra layihənin ideya müəllifi, şairə Nigar Həsənzadə səhnəyə çıxaraq öz yaradıcılığından bir nümunə təqdim etdi.

Sonda səhnəyə çıxan bütün iştirakçıları tamaşaçılar ayaq üstə sürəkl alqışlarla qarşıladılar.

Qeyd edək ki, gecənin aparıcısı Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd idi. Azərbaycan Dövlət Simli Kvartetinin (Əməkdar artistlər Ceyla Seyidova –birinci skripka), Vaxtanq İmanov – alt, Aleksey Miltıx – violonçel, Soltan Məmmədova – ikinci skripka) musiqi parçaları lirik gecəyə həmahəng notlar qatdı.

Lalə AZƏRİ