Turizm şirkətləri bunu «Turizm ili»nə mühüm töhfə kimi qiymətləndirirlər
   
   Xəbər verildiyi kimi, Milli Məclisin aprelin 8-də keçirilən iclasında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna təklif olunan əlavə və dəyişikliklər əcnəbilərin turizm şirkətləri vasitəsilə viza almasını asanlaşdıracaq. Bu, elektron vizaların tətbiqinə də imkan verəcək.
   
   Əlavələrə əsasən, turizm şirkətləri turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) müraciət edə bilər. Bunun üçün əcnəbilərin yaşadığı ölkədəki Azərbaycanın diplomatik nümayəndəliklərinə, diplomatik nümayəndəliklər olmayan ölkələrdə isə üçüncü ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə müraciət edilməlidir. Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizə forması Azərbaycanın diplomatik nümayəndəliklərinin internet saytlarında yerləşdiriləcək.
   Qanunda əsas dəyişiklik Azərbaycana gələn turistlər üçün verilən viza müddətinin 30 gün müəyyənləşdirilməsidir. Ə.Hüseynlinin fikrincə, bu, kifayət qədər böyük müddətdir. Komitə sədrinin sözlərinə görə, vizaların həm teleqraf poçtu, həm də elektron qaydada rəsmiləşdirilməsi qaydası ölkəmizə gəlmək istəyən əcnəbilərin rahatlığı və prosesin şəffaflığı baxımından çox böyük yenilikdir. Belə ki ölkəsində Azərbaycan səfirliyi olmayan əcnəbi viza almaq üçün daha üçüncü ölkəyə getmək məcburiyyətində qalmayacaq. Onun müraciət etdiyi turizm şirkəti çox rahat şəkildə elektron yolla viza almaq üçün sənədləri üçüncü ölkədəki Azərbaycan səfirliyinə çatdıracaq. Qeyd edək ki, Azərbaycanın 60-a yaxın ölkədə səfirliyi, 12 ölkədə isə konsulluğu var. Ölkəmizə gəlmək istəyən turistlərdən tələb olunan dövlət rüsumunun məbləği də çox münasibdir - cəmi 20 dollar. Maraqlıdır, yeni qanun turizm şirkətlərinin rəhbərləri tərəfindən necə qarşılandı?
   
   Qanunda dəyişiklik turizm şirkətlərinin fəaliyyətinə də müsbət təsir edəcək
   
   «R&R travel» turizm şirkətinin rəhbəri Rüstəm Əhmədov turist vizalarına tətbiq olunan yeni qaydaların əhəmiyyətini qeyd edərək bildirdi ki, bundan sadə və asan sistem ola bilməz: “Əvvəlki qaydalardan bu sənədin kifayət qədər böyük üstünlükləri var. Ona görə ki, vizaların elektron qaydada alınması bilavasitə hansı ölkədə tətbiq olunmasından asılı olmayaraq, vəziyyəti asanlaşdırır. Yəni e-mail vasitəsilə birbaşa səfirliyə müraciət olunur və həmin səfirlikdən gələn müsbət cavab əsasında insana viza verilir».
   «Sevgin Travel» turizm şirkətinin rəhbəri Bahadur Bilalovun fikrincə, sadələşmiş viza rejiminin tətbiqi turizmi inkişaf etdirməkdə maraqlı olan hər bir ölkə üçün önəmli addımdır: “Birləşmiş Millətlər Təşkilatı, Dünya Turizm Təşkilatı da zaman-zaman bu məsələni ölkələrə tövsiyə ediblər. Türkiyə bunu çoxdan tətbiq edib. Misirdə, Tunisdə, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə turistlər üçün sadələşmiş rejim tətbiq olunur”.
   Həmsöhbətimiz bildirdi ki, dövlət başçısının təşəbbüsü ilə 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı bu məsələnin gündəmə gəlməsi çox önəmlidir: “Bu yenilik turizm şirkətlərinin fəaliyyətinə də müsbət təsir edəcək. Eyni zamanda, bu, turizm şirkətlərinin məsuliyyətini də artırır. Bu qaydanın tətbiq olunması «Turizm ili»nə mühüm bir töhfədir”.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclunun sözlərinə görə, Azərbaycana gələn turistlərə viza verilməsi məsələsinin sadələşdirilməsi sonda ölkəmizə daha çox turist cəlbinə səbəb olacaq. Yeni qaydaların iyun ayının 1-dən tətbiq ediləcəyini deyən sektor müdiri bildirdi ki, bunun turizm mövsümünün başlanması ilə eyni vaxta təsadüf etməsi 2011-ci ildə ölkəmizə gələn turistlərin sayında əhəmiyyətli artımın olacağını deməyə əsas verir. 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar