F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 8 noyabr – Zəfər Gününə həsr olunmuş ”Qarabağ abidələri uşaqların gözü ilə” adlı 10-15 yaş arasında məktəblilərin ümumrespublika əl işləri müsabiqəsinin yekun mərhələsi keçirilib.

“İşğaldan azad olan mədəniyyət abidələrimiz” mövzusunda müsabiqə çərçivəsində fəal oxucular kitabxanaya əl işləri təqdim ediblər. Noyabrın 5-də müsabiqə qaliblərinin əl işləri kitabxananın böyük oxu zalında sərgilənib.

Tədbirdə əl işləri sərgilənən uşaqlar, Ombudsman Aparatının əməkdaşları Azər İsalı və Azadə Novruzova, psixoloq Aydan Xasməmmədzadə, uşaq yazarı Sevinc Nuruqızı, memar Arifə İsgəndərova, Gəncliyə Yardım Fondunun və AMEA Ədəbiyyat İnstitutunun əməkdaşları, general-leytenant K.A.Kərimov adına 8 saylı tam orta məktəbin 3a sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova uşaqlara dəstək olan valideynlərin və müəllimlərin əməyindən danışaraq, uşaqların milli vətənpərvərlik ruhunda tərbiyəsinin vacib olduğunu vurğulayıb. Bildirib ki, milli mənəvi dəyərlərimizin aşılanması istiqamətində uşaqlarla valideynlərin birgə yaradıcılıq işi xüsusi əhəmiyyətə malik olmaqla gələcəkdə öz bəhrəsini verəcək.

Digər çıxış edənlər də uşaqların əl işlərini qiymətləndirərək onlara təhsildə uğurlar diləyiblər.

Kitabxana əməkdaşlarının hazırladığı “Qarabağ abidələri uşaqların gözü ilə” videoslayd nümayiş olunub.

Müsabiqə iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, sərgidə eşitmə və görmə qabiliyyəti məhdud olan oxucunun da əl işi nümayiş olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərdə Vətənə məhəbbət hissini gücləndirmək, Qarabağın zəngin tarixi və mədəniyyət abidələrini uşaq və yeniyetmələrə tanıtmaq, istedadlı uşaqları üzə çıxarmaq idi.