Azərbaycanın Qarabağda qazandığı şanlı Qələbənin birinci ildönümü, 8 Noyabr – Zəfər Günü Türkiyənin müxtəlif şəhərlərində qeyd olunur. Belə mərasimlərdən biri də İğdır şəhərində keçirilib.

Azərbaycanın Qarsdakı Baş konsulluğu və Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDF) tərəfindən təşkil olunan mərasimə yerli hakimiyyət rəsmiləri, siyasi partiya təmsilçiləri, şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar.

Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və TADDF-in sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal çıxış ediblər. Çıxışlarda Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsində Zəfəri dövlətçilik tariximizin şərəfli salnaməsi kimi dəyərləndirilib. Vurğulanıb ki, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin nəsillərə örnək olan kəlamları dövlətlərimizin qardaşlığının ifadəsidir. Azərbaycan və Türkiyə əbədiyyətə qədər çiyin-çiyinə yaşayacaq və inkişaf edəcək.

Mərasim Zəfər ruhlu mahnılarının da yer qaldığı musiqili proqramla davam edib.

Mehparə SULTANOVA
Ankara