Qırğız Respublikasının Prezidenti Sadır Japarov 2 sentyabr 2018-ci il tarixində Bişkek şəhərində imzalanmış “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişin və 28 noyabr 2020-ci ildə İstanbul şəhərində imzalanmış “Üzv dövlətlərin Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsinə məcburi ödənişlərin həcminə dair” Protokolun təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib ki, protokola əsasən, fondun büdcəsi üzv olan ölkələrin, o cümlədən Qırğızıstanın ödənişləri əsasında formalaşdırılacaq.

Sazişdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsinin maliyyə mənbələrinin, həyata keçirdiyi tədbirlərin, layihə və proqramların dəstəklənməsi, türkdilli ölkələrin zəngin irsinin mühafizəsi, bərpası və təbliği üçün vəsaitin ayrılması, elmi-texniki məsələlərin həlli üçün yardım göstərilməsi və. s müddəalar əksini tapıb.

Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət başçılarının dəstəyi ilə yaradılıb. 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Toplantısında Özbəkistan təşkilatda üzv, Macarıstan isə müşahidəçi ölkə statusunu qazanıb. Təşkilatın mənzil-qərargahı Bakıda yerləşir.