Azərbaycanın Vətən müharibəsində Qələbəsinin ildönümü münasibətilə Ankarada “Qarabağ Zəfəri” şüarı altında konsert proqramı keçirilib.

Tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, TÜRKSOY, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi və digər qurumların birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, TBMM-də Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxış ediblər.

TRT Ankara Radiosu Xorunun dirijoru, Xalq artisti Elnarə Kərimovanın dirijorluğu ilə “Çanaqqala türküsü”, “Koroğlu” operasından “Çənlibel xoru” ifa olunub, Qarabağ qalibiyyətinə həsr olunmuş “Zəfər marşı” səsləndirilib. Məlahət İsmayılova "Şəhidim" əsərini pianoda ifa edib.

Azərbaycandan Müşfiq Quliyev (piano) və İsmayıl Zeynalov (tenor), Qazaxıstandan Akbota Abrenova (kıl kopuz), Qırgızıstandan Gulira Kasımkulova (komuz), Türkiyədən Şenol Talınlı (tenor), Türkmənistandan Rustam Rahmedov (piano) və Nazik Rahmedova (skripka) “Laçın”, “Türkmən rəqsi”, “Cənnətim Qarabağ”, “Sənsiz”, “Azərbaycan” və s. əsərləri möhtəşəm ifa ilə təqdim ediblər.

Təkrar-təkrar səslənən “Qarabağ Azərbaycandır!” şüarı tədbirin keçirildiyi “Şuşa” konfrans salonunda əks-səda yaradıb.

Mehparə SULTANOVA
Ankara