Noyabrın 12-də İstanbulda Türk Şurası (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) Dövlət Başçılarının 8-ci Zirvə Toplantısı işə başlayacaq. Bu, pandemiyadan sonra Türk Şurasının ənənəvi formatda ilk sammiti olacaq. Türk Şurasının 7-ci sammiti 2019-cu il oktyabrın 15-də Bakıda keçirilmişdi. Ötən il isə dövlət başçılarının videokonfrans formatında görüşü olmuşdu.

İstanbul zirvəsində bir sıra mühüm qərarların qəbul olunması, o cümlədən “Türk Dünyası – 2040” adlı proqramın təsdiqlənməsi gözlənilir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası – Türk Şurası bundan sonra Türk Dövlətləri Təşkilatı adlandırılacaq.

Bunu noyabrın 11-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici işlər nazirlərinin 8-ci toplantısında Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib.

Türk dövlətlərinin dəyişən dünyaya uyğunlaşmaq üçün vacib bir ərəfədə olduğunu vurğulayan Mövlud Çavuşoğlu deyib: “Biz eyni kökdən bəslənən bir ulu ağacın eyni budaqlarıyıq. Köklərimizi unutmadan birliyimizi bərkitdikcə beynəlxalq gücümüzü artıracağıq. Ata yurdumuz Asiya dünya siyasətində vacib nöqtəyə gəlib. Bu çərçivədə təşkilatımızın həm vacibliyi, həm də məsuliyyəti artıb. Sabah keçiriləcək İstanbul Zirvəsində liderlərimiz təşkilatımızın gələcəyi ilə bağlı vacib qərarlar alacaqlar. İlk növbədə, bu il qardaş Türkmənistanın müşahidəçi ölkə olaraq aramıza qatılması ilə ailə fotomuzu tamamladıq. İkinci olaraq Ailə Məclisimizin adını Türk Dövlətləri Təşkilatı olaraq dəyişdiririk. Ağsaqqallar Şurasının düşünülmüş idarəçiliyini qəbul edirik. Müşahidəçi və ortaqlıq statuslarını açıq şəkildə müəyyənləşdiririk. Əsas kimliyimizi mühafizə edərək birlikdə təşkilatımızın çəkim gücünü daha da artıra biləcəyik. “Türk Dünyası - 2040” vizionunu qəbul edəcəyik. Köklərimiz bir olduğu kimi, gələcəyə baxışımızın da ortaq olması vacibdir. Vizion sənədində qəbul olunan qərarların sədrlik müddətimiz ərzində həyata keçirilməsi üçün tətbiq sənədi qəbul edəcəyik. Beşillik yol xəritəsini əhatə edəcək bu sənədin 2022-ci ilin ilk rübündə Şuramızın təsdiqinə təqdim edilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, 1992-ci ilin oktyabrında Ankarada türkdilli ölkələrin (Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstanın) prezidentlərinin ilk toplantısı ilə əsası qoyulan zirvə görüşləri formatı 2009-cu ildən sonra Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına çevrilib. 2009-cu il oktyabrın 3-də Naxçıvan sammitində Türk Şurasının yaradılması barədə qərar qəbul edilib. Türk Şurası 2010-cu il 15-16 sentyabrda İstanbulda keçirilən sammitdə təsis olunub.