Azərbaycan


10 noyabr 1927 – Tanınmış rəssam, dekorativ-tətbiqi sənət ustası Sabir Məmməd oğlu Şıxlı (1927–2004) Şamaxı şəhərində anadan olub. “Azərbaycanfilm” Kinostudiyasında dekorator-rəssam (“Böyük dayaq”, “Səhər” və s. filmlər) işləyib.

10 noyabr 1972 – Xalq artisti, opera müğənnisi Hüseynağa Soltan oğlu Hacıbababəyov (19.5.1898 – 1972) vəfat edib. Opera partiyaları ilə yanaşı, muğam və xalq mahnılarının mahir ifaçısı olub.

10 noyabr 2015 – Əməkdar artist, müğənni İdris Saleh oğlu Mehdiyev (26.8.1940 – 2015) vəfat edib. Azərbaycan Televiziya və Radiosu Xorunun solisti və direktoru olub.

10 noyabr 1984 – Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (17.3.1905 – 1984) vəfat edib. Uşaqlar üçün əsərlərin müəllifidir. Rus və dünya ədəbiyyatından tərcümələr edib.


11 noyabr 1907 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi Mirmehdi Həsən oğlu Seyidzadə (1907 – 31.8.1976) Aşqabadda (Türkmənistan) doğulub. Əslən Bakının Əmircan kəndindəndir. 1920-ci ildə ailəliklə Bakıya köçüb. Uşaqlar üçün şeirlər, mənzum nağıllar, pyeslər yazıb. Rus ədəbiyyatından tərcümələr edib.

11 noyabr 1921 – Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 1921 – 24.4.2011) Bakıda anadan olub. 1938-ci ildə Cənubi Azərbaycana köçüb, milli azadlıq hərəkatına qoşulub. Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub. Sonra yenidən Bakıya qayıdıb. 40-a yaxın kitabın müəllifidir.

11 noyabr 1934 – Xalq artisti, görkəmli xanəndə İslam Tapdıq oğlu Rzayev (1934 – 26.1.2008) Füzuli rayonunun Sərdarlı kəndində anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, “Muğam Teatrı”nın yaradıcısı (1988) və bədii rəhbəri olub, çoxsaylı gənc ifaçılar yetişdirib.

11 noyabr 1951 – Xalq artisti, aktyor, rejissor İsmayıl Hüseyn oğlu Hidayətzadə (19.8.1901 – 1951) vəfat edib. İlk milli baletin – “Qız qalası”nın librettosunu yazıb. Filmlərdə çəkilib.


12 noyabr 1942 – Xalq rəssamı Mirnadir Mirəli oğlu Zeynalov (1942 – 10.3.2021) Bakının Buzovna kəndində anadan olub. Hindistana yaradıcılıq ezamiyyəti (1987) ilə bağlı silsilə əsərlər çəkib. Əsərləri xaricdə (Moskva, Los-Anсeles, Hyuston) nümayiş olunub, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

13 noyabr 1939 – Xalq artisti Solmaz Cəbrayıl qızı Qurbanova (1939-2013) Bakıda doğulub. 1955-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

13 noyabr 1983 – Kinooperator, Əməkdar incəsənət xadimi Əsgər Cəfər oğlu İsmayılov (1.4.1905 – 1983) vəfat edib. Çəkdiyi filmlər: “Qara daşlar”, “Kölgələr sürünür” (bədii), “Bakıdan Göygölədək” (1947, ilk Azərbaycan rəngli sənədli filmi).


14 noyabr 1925 – Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 – 26.12.1995) Qax rayonunun İlisu kəndində doğulub. 40 ilə yaxın Dövlət Radio və Televiziya Verilişləri Komitəsində çalışıb. Şeirlərinə populyar mahnılar yazılıb.

14 noyabr 1942 – Xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942 – 23.7.2011) Cəlilabad rayonunda anadan olub. İfasında lentə alınan muğam və xalq mahnıları teleradionun “Qızıl fond”unda saxlanılır.

14 noyabr 1944 – Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseyn oğlu Hüseynov (1944 – 5.4.2021) Ağdam rayonunun Gülablı kəndində doğulub.

14 noyabr 1949 – Xalq artisti Rafiq Hacıbaba oğlu Əliyev (1949 – 16.4.2020) Füzuli rayonunun Merdinli kəndində anadan olub. Gənc Tamaşaçılar Teatrında aktyor, rejissor kimi fəaliyyət göstərib, filmlərdə (“Qəm pəncərəsi”, “Hökmdarın taleyi” və s.) çəkilib.

14 noyabr 2006 – Tanınmış estrada müğənnisi, Xalq artisti Oqtay Ağayev (7.11.1934 – 2006) vəfat edib.


15 noyabr 1927 – Xalq artisti, rəqqasə Xumar Rza qızı Zülfüqarova (1927 – 2.7.2017) Bakıda doğulub. Opera və Balet Teatrının solisti, Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri olub. Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

15 noyabr 1933 – Ədəbiyyatşünas, professor Firudin Cəlal oğlu Hüseynov (1933 – 31.8.1986) anadan olub. BDU-nun Filologiya fakültəsinə, Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.

 

Dünya


10 noyabr 1759 – Alman şairi, dramaturqu və incəsənət nəzəriyyəçisi İohann Fridrix Şiller (Johann Christoph Friedrich von Schiller; 1759 – 9.5.1805) anadan olub. Pyesləri: “Qaçaqlar”, “Məkr və məhəbbət”, “Mariya Stüart”, “Orleanlı qız” və s.

10 noyabr 1928 – Məşhur italyan bəstəkarı, dirijor və aranjimançı Ennio Morrikone (Ennio Morricone; 1928 – 6.7.2020) anadan olub.


11 noyabr 1821 – Böyük rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (1821 – 9.2.1881) anadan olub. “Alçaldılmış və təhqir olunmuşlar”, “Ölülər evindən qeydlər”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” romanlarının müəllifidir.

11 noyabr 1944 – Məşhur türk kinoaktyoru Kamal Sunal (1944 – 3.7.2000) anadan olub. 100-ə yaxın filmdə əksəriyyəti komik rollar olan xarakterik obrazlar yaradıb.


12 noyabr 1833 – Məşhur rus bəstəkarı Aleksandr Borodin (1833-1887) anadan olub. “Knyaz İqor” operasının müəllifidir.

12 noyabr 1840 – Fransız heykəltəraşı, heykəltəraşlıqda impressionizmin (“Mütəfəkkir” heykəli) banilərindən biri Fransua Ogüst Roden (François-Auguste-Rene Rodin; 1840-1917) anadan olub.

12 noyabr 1935 – Rus aktrisası və müğənnisi, SSRİ Xalq artisti Lyudmila Markovna Qurçenko (1935 – 30.3.2011) anadan olub.


13 noyabr 1745 – Fransız xeyriyyəçisi, pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy (Valentin Haüy; 1745-1822) anadan olub. Onun doğum günü şərəfinə 13 noyabr “Beynəlxalq gözdən əlillər günü” kimi qeyd olunur.

13 noyabr 1850 – İngilis (şotland əsilli) yazıçısı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (Robert Louis Stevenson; 1850 – 3.12.1894) anadan olub. Əsərləri: “Dəfinələr adası”, “Şahzadə Otto”, “Qara ox” və s.


14 noyabr 1840 – Görkəmli fransız rəssamı, impressionizmin banilərindən biri Klod Mone (Oscar-Claude Monet; 1840-1926) anadan olub. Əsərləri: “Təəssürat. Doğan günəş”, “Kapusin bulvarı”, “Bağda qadınlar” və s.

14 noyabr 1900 – Amerika bəstəkarı, pianoçu və dirijor Aron Koplend (Aaron Copland; 1900- 1990) anadan olub.

14 noyabr 1907 – Məşhur İsveç yazıçısı, uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”) müəllifi Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson; 1907- 28.1.2002) anadan olub.

14 noyabr 1924 – Dünya şöhrətli skripkaçı, SSRİ Xalq artisti Leonid Borisoviç Koqan (1924 – 17.12.1982) anadan olub.


15 noyabr 1862 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1912) laureatı Gerhart Hauptman (Gerhart Johann Robert Hauptmann; 1862 – 6.6.1946) anadan olub. “Atlantida”, “Kabus” romanlarının, “Tənhalar”, “Kasıb Henrix”, “Qış balladası” və s. pyeslərin müəllifidir.

Hazırladı: Vüqar ORXAN